Bakı.Trend:
Azərbaycan anbar və gömrük infrastrukturunu inkişaf etdirməlidir ki, tranzit mərkəzi kimi mövqeyini gücləndirməkdən savayı, həm də Avropaya daşınan malların daşınması zamanı əlavə dəyər yaratsın.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə-Amerika İş Adamları Assosiasiyasının (TABA-AmCham) Gömrük və Logistika Komitəsinin rəhbəri Murat Doğan cümə axşamı Bakıda keçirilən Avrasiya İnvestisiya və Biznes Əlaqələri Sammitində bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra Türkiyə tranzit mərkəzi kimi istifadə olunmağa başlanıb. Lakin sonradan Gürcüstandan yan keçən müvafiq marşrutun potensialından tam istifadə edilməyib.
“Burada söhbət Azərbaycanın sadəcə tranzit mərkəzinə çevrilməsindən deyil, ölkədə anbarların və gömrük anbarlarının yaradılmasından, malların əlavə dəyərinin artırılmasından və onların Avropaya sonrakı daşınmasının təmin edilməsindən gedir”, – deyə o qeyd edib.
Doğan sözügedən dəhliz üzrə yüklərin çatdırılma müddətinə də diqqət çəkib. Onun sözlərinə görə, İranla müharibə şəraitində bəzi dəniz marşrutları üzrə yüklərin daşınması təxminən bir ay yarımdan iki ayadək vaxt aparır. Halbuki bu dəhliz vasitəsilə yükləri Avropaya 14 günə çatdırmaq mümkündür.
O, Azərbaycanda gömrük prosedurlarının təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, gömrük nəzarətindən sürətli və maneəsiz keçidin logistikanın inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
“Türkiyədə yüksək gömrük rüsumları və daha uzun rəsmiləşdirmə prosedurları yükdaşıma marşrutlarının seçimində təsirli amillərə çevrilib. Türkiyə və Azərbaycan mütəxəssisləri arasında təcrübə mübadiləsi gömrük prosedurlarının müddətini azaltmağın yollarını tapmağa kömək edə bilər”, – deyə o bildirib.