Bakı. Trend:
Gürcüstanın Baş Prokurorluğu “Asaval-Dasavali” qəzetinin nümayəndəsi Dmitri Çubinidzenin saxlanıldığını açıqlayıb. O, təxribat və dövlətə xəyanət ittihamı ilə üzləşib.
Bu barədə Gürcüstan Baş Prokurorluğu oktyabrın 22-də məlumat yayıb.
İstintaqın versiyasına görə, Çubinidze 2026-cı ilin fevralından etibarən media və sosial şəbəkələr vasitəsilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin David-Qareci monastır kompleksi ilə bağlı Azərbaycanla gizli razılaşma əldə etməsi barədə saxta məlumatlar yayıb.
Gürcüstan Baş Prokurorluğu bildirib ki, kompleksin yerləşdiyi ərazidə dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanla razılıq hələ əldə edilməyib. Qurumun açıqlamasına əsasən, sərhədin delimitasiyası və demarkasiyası üzrə danışıqlar Gürcüstanın müvafiq hökumət komissiyasının səlahiyyətinə daxildir, ərazi ilə bağlı beynəlxalq razılaşma isə qanunvericilikdə nəzərdə tutulan prosedurlardan keçməlidir.
İstintaq hesab edir ki, jurnalist bu iddiaları yaymaqla Gürcüstanın dövlət maraqlarına zərər vurmağa və sərhədin delimitasiyası ilə məşğul olan qurumların fəaliyyətinə mane olmağa çalışıb. Çubinidzeyə qarşı irəli sürülən ittiham üzrə dörd ilədək həbs cəzası nəzərdə tutulur. Prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Xatırladaq ki, David-Qareci monastır kompleksi Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası ilə bağlı müzakirələrin predmetidir. Kompleksin yerləşdiyi ərazi üzrə sərhədin müəyyənləşdirilməsi proseduru davam edir.