Bakı. Trend:
Azərbaycanda media qurumlarının xarici mənbələrdən maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər müəyyən edilib. Qaydalara əsasən, bəzi hallarda xarici maliyyə aşkarlanan media subyektləri Media Reyestrindən çıxarıla bilər.
Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, media subyektlərinin təsisçisi və ya iştirakçısı olmayan xarici ölkələrin fiziki və hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycanda yaratdıqları hüquqi şəxslər, eləcə də xarici dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir.
Media Reyestrinə daxil edilmiş çap və onlayn media subyektlərinin bu mənbələrdən maliyyələşdirilməsi aşkar edilərsə, onlar Media Reyestrindən çıxarılır. Bu tələb audiovizual media subyektlərinə şamil edilmir.
Bununla yanaşı, çap və onlayn media qurumlarının fəaliyyəti, eləcə də media məhsullarının yayımlanması Azərbaycan vətəndaşlarının və Azərbaycan hüquqi şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər. Lakin reklamı qanunla qadağan edilən malların istehsalı və ya satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.
Xarici ölkələrin fiziki və hüquqi şəxsləri isə çap və onlayn media subyektlərinin hər bir məhsulunun maksimum 25 faizinə sponsorluq edə bilərlər. Sponsorluq jurnalistin müstəqilliyinə təsir göstərməməlidir.
Sponsorun maliyyə yardımı ilə hazırlanan dövri mətbu nəşrlərdə bu barədə məlumat dərc olunmalıdır. Sponsor reklamlarının yayımlanması da reklam qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməlidir.
Qaydalara əsasən, dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər tərəfindən maliyyələşdirilən, həmin qurumların fəaliyyət sahəsini əks etdirən və ictimai yayım funksiyası daşıyan audiovizual yayımçılar, müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, yalnız platforma yayımçısı kimi fəaliyyət göstərə bilərlər.