Bakı.Trend:
Polşanın Ukraynaya vermək üçün "Patriot" hava hücumundan müdafiə sistemlərinə aid kifayət qədər raket ehtiyatı yoxdur.
Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski PAP agentliyinə müsahibəsində bildirib.
“NATO-da Ukraynaya təhvil vermək üçün belə vasitələrə malik ölkələr var, lakin Polşa bu qrupa daxil deyil”, – deyə Sikorski qeyd edib. Onun sözlərinə görə, Varşava yalnız Kiyevə yardım göstərilməsi ilə bağlı çağırışlara qoşula bilər.
Sentyabr ayında Polşanın “Rzeczpospolita” qəzeti Varşavanın Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün bir neçə raket verə biləcəyini yazmışdı. Həmin vaxt Polşanın Müdafiə Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, 2026-cı ilin yayında isə NATO-nun ümumi yardım paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə Patriot sistemləri üçün bir neçə raketin tədarükü ilə bağlı Polşada qalmaqal yaranıb. Həmin vaxt müxalifət hakimiyyəti ölkənin təhlükəsizliyinə zərər vurmaqda ittiham edib.