Bakı. Trend:
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) çərçivəsində əməkdaşlığın Azərbaycanın parlament diplomatiyasında mühüm yer tutduğunu bildirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, o, Milli Məclisin təşkilatın fəaliyyətinin gücləndirilməsi, model qanunların hazırlanması və digər parlamentlərarası təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal iştirak etdiyini vurğulayıb.
Belə ki, oktyabrın 20-də Qırğız Respublikasının paytaxtı Bişkekdə TÜRKPA Şurasının iclası keçirilib.
İclasda çıxış edən Sahibə Qafarova ötən dövr ərzində görülən işlərin təşkilatın fəaliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib. Onun sözlərinə görə, TÜRKPA-nın 14-cü plenar iclasından sonra ötən müddət bir sıra əlamətdar məqamlarla yadda qalıb.
Spiker Qırğız Respublikası Joqorku Keneşinin və Qazaxıstan Respublikası Qurultayının yeni üzvlərinə ölkələrinin və xalqlarının rifahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.
S.Qafarova qeyd edib ki, tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqların maraqlarına parlament diplomatiyası çərçivəsində xidmət etmək TÜRKPA-nın üzərinə düşən mühüm missiyadır. O, Azərbaycanın Milli Məclisinin təşkilat çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan parlamentinin nümayəndə heyəti TÜRKPA komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr olunmuş tədbirlərdə, model qanunların hazırlanmasında və seçki müşahidə missiyalarının fəaliyyətində yaxından iştirak edib. Milli Məclis, həmçinin təşkilatın beynəlxalq fəaliyyətinin gücləndirilməsi və digər parlamentlərarası qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində təşəbbüslər göstərir.
Milli Məclisin sədri TÜRKPA-nın yeni Baş katibi Ramil Həsənin təşkilatın fəaliyyətinin gücləndirilməsi və əlaqələrinin inkişaf etdirilməsi istiqamətində gördüyü işləri də təqdir edib. O, TÜRKPA-nın Bakıda yerləşən Katibliyinin fəaliyyətinin Milli Məclisin daim diqqətində olduğunu bildirib və gələcəkdə də quruma fəal dəstək göstəriləcəyini vurğulayıb.
İclasda üzv ölkələrin parlament sədrləri də çıxış edərək gündəlikdə duran məsələlərlə bağlı fikirlərini bildiriblər.