Bakı. Trend:
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqini təmin etmək, fərdi məlumatların məxfiliyini qorumaq və bu sahədə hüquqi tənzimləməni təkmilləşdirmək istiqamətində işlər aparılır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu AZCON Holding-in Baş Hüquq İnzibatçısı və Hüquq departamentinin direktoru Toğrul Quluzadə bu gün Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.
O bildirib ki, süni intellektin tətbiqi həm tənzimləyici qurumlar, həm də korporativ sektor üçün aktual məsələlərdən biridir. Bu baxımdan, Azərbaycanda texnologiyanın inkişafı ilə onun təhlükəsiz istifadəsi arasında balansın qorunması vacibdir.
Toğrul Quluzadənin sözlərinə görə, AZCON bu istiqamətdə həm tənzimləyici, həm də korporativ səviyyədə həyata keçirilən proseslərdə iştirak edir. O qeyd edib ki, süni intellekt sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan üçün uyğun hüquqi çərçivənin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
“Çin, ABŞ və Avropa İttifaqının süni intellektlə bağlı qanunvericilik bazasını müqayisəli şəkildə araşdırırıq. Bu ölkə və birliklərin yanaşmaları bir-birindən fərqlənir. Çin və ABŞ-də texnologiyanın tətbiqinə daha liberal yanaşma müşahidə olunduğu halda, Avropa İttifaqı təhlükəsizlik məsələlərini daha fundamental şəkildə tənzimləyir”, - deyə o bildirib.
Sədr qeyd edib ki, Azərbaycan bu təcrübələri nəzərə alaraq, ölkənin ehtiyaclarına uyğun balanslaşdırılmış yanaşma formalaşdırmalıdır. Bununla belə, süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi hüquqi tənzimləməni çətinləşdirir.
Onun sözlərinə görə, süni intellekt sahəsində siyasət çərçivəsi 2027–2030-cu illəri də əhatə edir və bu istiqamətdə yeni qanunvericilik bazasının hazırlanması üzərində iş aparılır. Əsas məqsəd texnologiyadan istifadənin təhlükəsizliyini təmin etmək, eyni zamanda fərdi məlumatların qorunması ilə bağlı riskləri azaltmaqdır.
Toğrul Quluzadə fərdi məlumatların məxfiliyinin qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dövlət qurumları və şirkətlər müxtəlif sənədləri, eləcə də məlumatları süni intellekt sistemlərinə yükləyərkən həmin informasiyanın necə qorunduğuna və məxfiliyin təmin edilib-edilmədiyinə diqqət yetirməlidirlər.
“Bəzən dövlət qurumları və ya təşkilatlar sənədləri, məlumatları süni intellekt sistemlərinə yükləyirlər. Lakin həmin məlumatların arxasında hansı təhlükəsizlik mexanizmlərinin dayandığı, məxfiliyin qorunub-qorunmadığı ciddi suallar doğurur”, - deyə o qeyd edib.
O əlavə edib ki, bu risklərin azaldılması üçün xüsusi komandaların yaradılması və daxili təhlükəsizlik sistemlərinin qurulması vacibdir. Şirkətlər süni intellektdən istifadə qaydalarını müəyyənləşdirməli, əməkdaşların məlumatlarla işləyərkən təhlükəsizlik tələblərinə riayət etməsini təmin etməlidirlər.
AZCON rəsmisi, həmçinin süni intellektin inkişafı üçün texnoloji infrastrukturun əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, bu sahədə dayanıqlı inkişaf böyük investisiyalar tələb edir və ABŞ ilə Çinin təcrübəsi infrastrukturun qurulmasına əhəmiyyətli vəsaitlərin yönəldildiyini göstərir.
Toğrul Quluzadə vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri süni intellektin təhlükəsiz istifadəsini təmin etməklə yanaşı, onun tətbiqinə əsassız məhdudiyyətlərin qoyulmasının qarşısını almaqdır.
“Bizim üçün əsas məsələ həm təhlükəsizliyi təmin etmək, həm də süni intellektin istifadəsini məhdudlaşdırmamaqdır. Bu iki istiqamət arasında düzgün balans tapmaq lazımdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı ilə paralel olaraq hüquqi tənzimləmə, məlumatların məxfiliyi və infrastrukturun gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi zəruridir.