Bakı. Trend:
Oktyabrın 22-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının rəsmi tərəfdaşlığı və Maliyyə Nazirliyinin dəstəyi ilə “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçiriləcək.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövlət qurumlarının nümayəndələrinin, özəl sektor və ictimai təşkilatların təmsilçilərinin, eləcə də peşəkar mühasiblərin iştirak edəcəyi konfransda dövlət maliyyəsinin rəqəmsal transformasiyası və inkişaf perspektivləri, maliyyə məlumatlarının səmərəli idarə olunması, şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində müasir yanaşmalar müzakirə ediləcək.
Konfrans çərçivəsində “Dövlət maliyyəsinin rəqəmsallaşdırılması: Sistemlərarası inteqrasiya və yeni idarəetmə modeli” və “Dövlət maliyyəsinin məlumat idarəetməsində dayanıqlığın təmin edilməsi” mövzularında iki panel sessiya təşkil olunacaq.
Panel müzakirələrində dövlət maliyyəsinin vahid rəqəmsal idarəetmə modelinə keçidi, sistemlərarası inteqrasiyanın genişləndirilməsi və milli rəqəmsal infrastrukturun inkişafı, fiskal siyasətin rəqəmsallaşdırılması, rəqəmsal ödəniş infrastrukturu və dövlət maliyyə əməliyyatları üzrə təhlükəsiz, çevik hesablaşma mühitinin formalaşdırılması məsələlərinə diqqət yetiriləcək.
Eyni zamanda, rəqəmsal maliyyə ekosistemində ictimai etimadın gücləndirilməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin qiymətləndirilməsində məlumatlara əsaslanan audit və analitik yanaşmaların tətbiqi, nəticəyönümlü fiskal siyasətə keçid, dövlət satınalmalarında məlumat bazalarının təkmilləşdirilməsi, rəqabət mühitinin qiymətləndirilməsi və risk indikatorlarının müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.
Müzakirələrdə, həmçinin maliyyə əməliyyatlarının təhlili və risklərin erkən aşkarlanması, dövlət maliyyəsində etibarlı məlumat ekosisteminin formalaşdırılması və bu prosesdə peşəkar mühasiblərin rolu kimi məsələlərə toxunulacaq.