Bakı. Trend:
Anadolu Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunan beynəlxalq konqres keçirilib (FOTO)
Türkiyənin Eskişehir şəhərində yerləşən Anadolu Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunan “Müstəqilliyin bərpasının 35-ci ilində” adlı Beynəlxalq Azərbaycan Konqresinin açılış mərasimi keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, konqres Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin, Qarabağ Universitetinin, Türkiyənin Anadolu, İbn Haldun Universitetlərinin, Anadolu Universitetinin nəzdindəki Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Əskişəhər Azərbaycanlılar Dərnəyinin, Beynəlxalq Münasibətlər, Sosial və Strateji Araşdırmalar Mərkəzinin (KUT) və digər tərəfdaş qurumların birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev Anadolu Universitetinin rektoru, professor Yusuf Adıgüzel ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan həqiqətlərinin akademik müstəvidə təbliği və diaspor fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Valeh Hacıyev konqresin təşkilinə göstərilən dəstəyə və qonaqpərvərliyə görə rektora təşəkkürünü bildirərək tədbirin Azərbaycan və Türkiyə arasında elmi və mədəni əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Açılış mərasimi Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan və Türkiyənin dövlət qurumlarının, ali təhsil müəssisələrinin və ictimai təşkilatlarının nümayəndələri, elm adamları, tədqiqatçılar və tələbələr iştirak edib.
Açılış mərasimində çıxış edən komitə sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin deputatı, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, professor İlyas Topsakal, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli, Anadolu Universitetinin rektoru Yusuf Adıgüzel, konqresin koordinatoru, Anadolu Universitetinin Tarix bölməsinin rəhbəri, universitetin nəzdindəki Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin direktoru, professor Burhan Sayılır Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətindən danışıb.
Valeh Hacıyev konqresin Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfərinin tarixi əhəmiyyətinə, Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinin strateji roluna diqqət çəkib. Gənc nəslin ortaq tarix və milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib: "Heç vaxt unutmayın, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür," - deyə komitə sədrinin birinci müavini deyib. O, gəncləri Mustafa Kamal Atatürkün "Nə mutlu türküm deyənə" və Ümummilli Lider Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamlarında ifadə olunan idealları yaşatmağa çağırıb.
Sonra konqres panel iclası ilə davam edib.
Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Gökhan Güneysunun moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın müstəqillik mübarizəsi, Türk dünyasının gələcəyi və regional əməkdaşlıq perspektivləri müzakirə olunub. O, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsini "yenidən dirçəliş və böyük fəth dövrü" kimi xarakterizə edib.
Paneldə komitə sədrinin birinci müavini 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan və Türkiyə diasporlarının sıx əməkdaşlıq etdiyini, erməni lobbisinin dezinformasiya kampaniyalarına qarşı birgə mübarizə apardığını diqqətə çatdırıb. Həmçinin milli-mədəni dəyərlərimizin qorunması və təbliği məqsədilə dünyanın 21 ölkəsində 33 Azərbaycan Evinin fəaliyyət göstərdiyini bildirib.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun inkişafından və müasir hərbi texnologiyaların tətbiqindən bəhs edib. O, qlobal proseslər fonunda Azərbaycan-Türkiyə qardaşlığının strateji əhəmiyyət daşıdığını vurğulayıb.












