Bakı. Trend:
İsrailin Təl-Əviv şəhərindən Avstriyanın paytaxtı Vyanaya uçan Austrian Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə bomba olması ilə bağlı təhdid səbəbindən Bolqarıstanın paytaxtı Sofiyada məcburi eniş edib.
Bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
Qeyd olunub ki, hadisə oktyabrın 18-i axşam saatlarında baş verib. Təyyarənin göyərtəsində partlayıcı qurğunun ola biləcəyi barədə anonim məlumat daxil olduqdan sonra uçuşun marşrutu dəyişdirilərək təyyarə Sofiya hava limanına yönləndirilib.
Sərnişinlərin sözlərinə görə, onlara göyərtədə bomba olması ilə bağlı anonim xəbərdarlıq daxil olduğu bildirilib.
Təyyarənin yoxlanılması zamanı şübhəli əşyanın aşkar edilib-edilmədiyi və reysin sonrakı taleyi barədə rəsmi məlumat hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, ötən həftə ABŞ-ın Delta aviaşirkətinə məxsus və İsrailin Ben Qurion hava limanına gələn təyyarə ilə bağlı da bomba təhdidi daxil olmuşdu. Həmin vaxt sərnişinlər təxliyə edilib və təyyarə yoxlama üçün xüsusi təcrid olunmuş əraziyə aparılmışdı.