Bakı. Trend:
Azərbaycan səhiyyəsində həyata keçirilən struktur dəyişiklikləri keçid dövrünün başa çatması və səhiyyənin vahid, sistemli idarəetmə mərhələsinə keçidi kimi qiymətləndirilməlidir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov Trend-ə bildirib ki, Azərbaycan səhiyyəsində həyata keçirilən struktur dəyişiklikləri dövlətin uzunmüddətli səhiyyə siyasətinin məntiqi davamı və islahatların yeni mərhələsidir.
Onun sözlərinə görə, vaxtilə TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçidin obyektiv zərurətindən irəli gəlirdi.
“Çünki sovet dövründən miras qalmış səhiyyə idarəçiliyi yeni maliyyələşmə mexanizmlərinə, çevik menecmentə və icbari tibbi sığortanın gündəlik tələblərinə tam uyğun deyildi”, - deputat bildirib.
R.Mahmudov qeyd edib ki, bu səbəbdən dövlət tibb müəssisələrinin ayrıca, daha operativ struktur vasitəsilə idarə olunması həmin dövr üçün zəruri və məqsədəuyğun addım idi. TƏBİB də məhz bu keçid mərhələsində mühüm funksiyanı yerinə yetirib.
“İndi isə söhbət həmin prosesin daha geniş və strateji müstəvidə davam etdirilməsindən gedir. Mən bu dəyişiklikləri geriyə dönüş kimi deyil, keçid dövrünün başa çatması və səhiyyənin vahid, sistemli idarəetmə mərhələsinə keçidi kimi qiymətləndirirəm”, - o vurğulayıb.
Deputat bildirib ki, müasir səhiyyə siyasəti yalnız dövlət xəstəxanalarını deyil, müxtəlif dövlət qurumlarının tabeliyindəki tibb strukturlarını, eləcə də özəl tibb müəssisələrini əhatə etməlidir. Onun fikrincə, bu qurumların hamısı vahid səhiyyə siyasəti, ümumi keyfiyyət standartları, hüquqi təminatlar və koordinasiya mexanizmləri çərçivəsində fəaliyyət göstərməlidir.
R.Mahmudov Səhiyyə Nazirliyinin strateji rolunun gücləndirilməsini də məhz bu baxımdan mühüm hesab etdiyini bildirib.
“Məqsəd bütün müəssisələri inzibati baxımdan bir mərkəzə tabe etdirmək deyil, mülkiyyət və tabelik formasından asılı olmayaraq, səhiyyə xidmətlərinin vahid dövlət siyasəti əsasında tənzimlənməsini, onların hüquqlarının qorunmasını və sistemli fəaliyyətini təmin etməkdir”, - deputat qeyd edib.
O bildirib ki, başlanmış islahatların təbii və məntiqi davamı olaraq əvvəlcə köhnə sistem yeni tibbi sığorta modelinə uyğunlaşdırılıb, indi isə formalaşmış mexanizmlərin vahid strateji idarəetmə çərçivəsində əlaqələndirilməsi mərhələsinə keçilir.
R.Mahmudovun sözlərinə görə, əsas məsələ qurumların adı və tabeliyi deyil, bütövlükdə səhiyyə sisteminin daha səmərəli işləməsi, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsidir.
“İslahatların uğuru da məhz vətəndaşın gündəlik həyatında hiss etdiyi müsbət nəticələrlə ölçülməlidir”, - o vurğulayıb.
Deputat bu prosesi dövlətin səhiyyə siyasətində ardıcıllığın, mərhələli inkişafın və daha müasir, dayanıqlı səhiyyə sisteminin formalaşdırılması istiqamətində atılan addımların davamı kimi qiymətləndirdiyini bildirib.
Xatırladaq ki, bugün TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
