Bakı. Trend:
İran ABŞ-nin mümkün yeni zərbələrinə qarşı hava hücumundan müdafiə imkanlarını gücləndirdiyini açıqlayıb.
Bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya ISNA agentliyinə bildirib.
Onun sözlərinə görə, ordu əvvəlki döyüşlər zamanı zədələnmiş müdafiə avadanlıqlarının əhəmiyyətli hissəsini bərpa edib və hava hücumundan müdafiə imkanlarını genişləndirmək üçün yeni vasitələr əldə edib.
General ölkənin müdafiə potensialının əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyədə olduğunu vurğulayıb. O, həmçinin İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun yeni silah və avadanlıqlardan istifadə etməklə təlimlər keçirdiyini bildirib.
“Bloomberg” agentliyinin məlumatına görə, bu açıqlama ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün zərbələrdə ABŞ arsenalındakı ən güclü qeyri-nüvə bombası hesab edilən GBU-43/B-dən istifadənin mümkünlüyünü istisna etməməsindən sonra səsləndirilib.