Bakı. Trend:
Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafının dəstəklənməsi, vergi bazasının genişləndirilməsi və dövlət maliyyəsinin səmərəliliyinin artırılması ortamüddətli dövrdə fiskal dayanıqlığın gücləndirilməsinə imkan verəcək.
Bu barədə Maliyyə Nazirliyinin 2027–2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, qeyri-neft-qaz ÜDM-in artım tempində mümkün dəyişikliklərin büdcə gəlirlərinə və fiskal göstəricilərə təsirini qiymətləndirmək məqsədilə müxtəlif ssenarilər hazırlanıb. Bu ssenarilər iqtisadi artım tempinin baza proqnozundan müsbət və mənfi istiqamətlərdə 0,5, 1,0, 1,5 və 2,0 faiz bəndi kənarlaşmasını əhatə edir.
Qiymətləndirmələr göstərir ki, qeyri-neft-qaz sektorunda iqtisadi artımın dinamikası büdcə gəlirlərinin formalaşmasında, qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətində və icmal büdcənin balansında mühüm rol oynayır. Bu baxımdan, iqtisadi artımın dəstəklənməsi və vergi potensialından səmərəli istifadə fiskal dayanıqlığın qorunmasının əsas istiqamətlərindəndir.
Sənəddə əks olunan proqnozlara görə, qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ortamüddətli dövrdə azalma istiqamətində dəyişməsi gözlənilir. Qrafikə əsasən, bu göstərici 2022-ci ildə təxminən 22,4 faiz, 2023-cü ildə 22,2 faiz, 2024-cü ildə 20 faiz, 2025-ci ildə 18,7 faiz, 2026-cı ildə isə 18,2 faiz səviyyəsində olub. Baza ssenarisində göstəricinin 2027-ci ildə təxminən 17,5 faizə, 2028-ci ildə 14,3 faizə, 2029-cu ildə 12 faizə və 2030-cu ildə 10,5 faizə qədər azalacağı nəzərdə tutulur.
Eyni zamanda, 2027-ci ildə qeyri-neft-qaz ÜDM-in artım tempinin baza ssenarisindən fərqlənməsi nəticəsində qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3–1,2 faiz bəndi intervalında dəyişə biləcəyi proqnozlaşdırılır.
Bu istiqamətdə əsas tədbirlərdən biri vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi ödəyicilərinin əhatəsinin artırılması olacaq. Həmçinin ortamüddətli fiskal konsolidasiyanın davam etdirilməsi nəzərdə tutulur. Bu tədbirlər iqtisadi aktivliyin və vergi daxilolmalarının artımına dəstək verməklə büdcə gəlirlərinin dayanıqlı formalaşmasına şərait yarada bilər.
Bununla yanaşı, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, subsidiyaların optimallaşdırılması, tənzimlənən qiymətlərin rolunun mərhələli şəkildə azaldılması, eləcə də dövlət müəssisələrində idarəetmə və açıqlama standartlarının təkmilləşdirilməsi planlaşdırılır.
Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, qeyd olunan tədbirlər dövlət maliyyəsi üzərində potensial yükün azaldılmasına, rəqabət mühitinin yaxşılaşdırılmasına və qeyri-neft iqtisadi artımının dəstəklənməsinə xidmət edəcək. Bununla da iqtisadi artım tempində mümkün dəyişikliklərin fiskal göstəricilərə təsirinin məhdudlaşdırılması və ortamüddətli dövrdə maliyyə dayanıqlığının qorunması hədəflənir.