Bakı. Trend:
Azərbaycanda inflyasiyanın baza proqnozundan kənarlaşmasının qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə və icmal büdcə balansına təsirinin ortamüddətli dövrdə məhdud olacağı gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənəddə qeyd olunur ki, qlobal mühitdə yüksək qeyri-müəyyənliyin davam etməsi, əsas ticarət tərəfdaşlarında qiymət dinamikası və qlobal əmtəə bazarlarında müşahidə olunan dəyişkənlik inflyasiya üzrə əsas xarici risk amilləridir.
Xüsusilə Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsinin enerji və digər əmtəə qiymətlərində əlavə dəyişkənlik yarada biləcəyi vurğulanır. Bununla yanaşı, nominal effektiv məzənnənin zəifləməsinin idxal inflyasiyasının daxili qiymətlərə ötürülməsini sürətləndirə biləcəyi qeyd edilir.
Daxili amillər baxımından isə mövcud fiskal və monetar siyasət çərçivəsində məcmu tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracaq səviyyəyə yüksəlməsi ehtimalı aşağı qiymətləndirilir.
Sənədə əsasən, inflyasiya risklərinin fiskal təsiri qiymətləndirilərkən qiymət səviyyəsindəki dəyişikliklərin nominal ÜDM-ə, büdcə gəlirlərinə və fiskal göstəricilərin ÜDM-ə nisbətinə mümkün təsirləri nəzərə alınıb.
İnflyasiya riskləri baza ssenarisindən həm müsbət, həm də mənfi istiqamətdə 0,4, 0,8, 1,1 və 1,5 faiz bəndi kənarlaşmalar əsasında qiymətləndirilib.
Hesablamalar göstərir ki, 2027–2030-cu illərdə inflyasiyanın qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinə və icmal büdcə balansına təsiri mövcud ssenarilər çərçivəsində məhdud olacaq.
Belə ki, 2027-ci ildə baza ssenarisi ilə müqayisədə müxtəlif inflyasiya ssenarilərində qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 0,1–0,4 faiz bəndi intervalında dəyişməsi gözlənilir.
İnflyasiyanın icmal büdcə balansına təsiri isə daha məhdud qiymətləndirilir. Müxtəlif inflyasiya ssenarilərində 2027-ci ildə icmal büdcə balansının baza ssenarisi ilə müqayisədə 0,1–0,3 faiz bəndi intervalında dəyişəcəyi proqnozlaşdırılır.
Qrafiklərə əsasən, qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2022-ci ildə təxminən -22,5 faiz olduğu halda, 2027-ci ildə -17,5 faiz ətrafında formalaşır. 2028-ci ildən etibarən göstəricinin yaxşılaşaraq 2030-cu ildə təxminən -10–11 faiz səviyyəsinə yaxınlaşacağı görünür.
İcmal büdcə balansının ÜDM-ə nisbəti isə 2022-ci ildə təxminən 6 faiz, 2023-cü ildə 8 faiz təşkil edib. 2026–2027-ci illərdə göstəricinin mənfi zonada qalacağı, 2028-ci ildən isə tədricən yaxşılaşacağı proqnozlaşdırılır.
Maliyyə Nazirliyi inflyasiya şəraitində fiskal risklərin idarə edilməsini makroiqtisadi sabitliyin qorunması baxımından mühüm hesab edir. Sənəddə çevik büdcə siyasətinin tətbiqi və sosial müdafiə proqramlarının hədəfli şəkildə həyata keçirilməsinin gözlənilməz qiymət artımlarının mənfi təsirlərini minimuma endirməyə imkan verəcəyi bildirilir.