Bakı.Trend:
ING Group Azərbaycanda inflyasiyaya dair proqnozlarını açıqlayıb.
Niderlandın ING bank qrupunun qiymətləndirmələrinə görə, 2026-cı ildə Azərbaycanda inflyasiyanın 5,7 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə bu göstərici 0,1 faiz bəndi azalaraq 5,6 faizə, 2028-ci ildə isə 5,3 faizə enəcək.
Cari ilin üçüncü rübündə inflyasiyanın 5,7 faiz, dördüncü rübündə isə 5,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Qrupun məlumatına görə, 2027-ci ilin birinci və ikinci rüblərində inflyasiyanın 5,7 faiz, üçüncü və dördüncü rüblərində isə 5,4 faiz olacağı gözlənilir.
Qeyd edək ki, Maliyyə Nazirliyinin “2027-ci il üçün dövlət və icmal büdcələrin ilkin göstəricilərinə dair izahat” sənədinə əsasən, 2027-ci ildə Azərbaycanda illik inflyasiyanın 5,3 faiz səviyyəsində olacağı gözlənilir.
Sənəddə bildirilir ki, İqtisadiyyat Nazirliyi cari ilin ötən dövrü üzrə faktiki inflyasiya səviyyəsini, dünya əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən azalmasını və bunun idxal qiymətlərinə təsirini, nominal effektiv məzənnə indeksinin dinamikasını, məzənnənin sabit qalacağı ehtimalını, eləcə də tənzimlənən mal və xidmətlər üzrə tarif dəyişikliklərinin təsirini nəzərə alaraq proqnozlarını müəyyənləşdirib.
Proqnozlara görə, cari il üçün ortaillik inflyasiyanın 5,7 faiz olacağı gözlənilir. Bu göstəricinin tədricən azalaraq 2030-cu ildə 4,3 faizə enəcəyi proqnozlaşdırılır.
Bundan başqa, İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozlarında 2027–2030-cu illərdə manatın ABŞ dollarına nisbətdə məzənnəsi cari ilin səviyyəsinə uyğun olaraq sabit götürülüb.
Nazirliyin məlumatına görə, ortamüddətli dövrdə əhalinin gəlirlərinin 2030-cu ildə 137,1 milyard manata, xərclərinin isə 134,1 milyard manata çatacağı gözlənilir.
Həmçinin, 2027-ci ildə əsas kapitala yönəldilən investisiyaların 2,4 faiz artacağı, ortamüddətli perspektivdə isə ortaillik artımın 2,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.