Bakı.Trend:
Qazaxıstan Bakı – Tbilisi – Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstan neftinin ixrac həcmini artırmağı planlaşdırır.
Qazaxıstan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, bunu Prezident Kasım-Jomart Tokayev cümə axşamı Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində çıxışı zamanı bildirib.
“Xəzər dənizinin həm regionumuzun, həm də bütün dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında həyati əhəmiyyət kəsb etdiyi aydındır. Qazaxıstan qəti əmindir ki, Xəzər regionun bütün dövlətlərinin və digər ölkələrin rifahı naminə sülh və əməkdaşlıq məkanı olaraq qalmalıdır. Su ehtiyatları və ekologiya sahəsində birgə səylərlə Xəzərin qorunması da eyni dərəcədə vacibdir”, – deyə Tokayev bildirib.
Bununla yanaşı, Prezident AQEM-in fəaliyyətində ekoloji istiqamətin getdikcə daha böyük aktuallıq qazandığını qeyd edib.
Onun fikrincə, su ehtiyatlarının çatışmazlığı və ekosistemlərin deqradasiyası Asiyanın üzləşdiyi ən ciddi çağırışlardan birinə çevrilib.
“Dünya əhalisinin 60 faizi Asiya və Sakit okean regionunda yaşayır, lakin dünya su ehtiyatlarının cəmi 35 faizi bu regionun payına düşür. Nəticədə burada adambaşına düşən su ehtiyatlarının həcmi dünyada ən aşağı səviyyədədir. Qazaxıstan su ehtiyatlarının bundan sonra da əməkdaşlıq mənbəyi olaraq qalmasının tərəfdarıdır. Bu baxımdan, texnologiya mübadiləsinin inkişafına, birgə tədqiqatların aparılmasına və suya qənaət edən həllərin tətbiqinə yönəlmiş AQEM Su Tərəfdaşlığının yaradılmasını təklif edirik.
Daha geniş kontekstdə Qazaxıstan BMT sistemi çərçivəsində su ehtiyatları sahəsində qlobal gündəliyin əlaqələndirilməsini təmin edə biləcək Beynəlxalq Su Təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təklif Mərkəzi Asiya ölkələri və Azərbaycan tərəfindən birgə irəli sürülə bilər. Eyni zamanda, AQEM-ə üzv bütün dövlətlərin bu təşəbbüsə qoşulması üçün imkan açıq saxlanıla bilər”, – deyə Prezident bildirib.