Bakı.Trend:
İstanbulda əlverişsiz hava şəraitinin yaratdığı fəsadlarla əlaqədar oktyabrın 16-da bütün dövlət və özəl təhsil müəssisələri bağlı olacaq.
Bu barədə İstanbulun valisi Davut Gül jurnalistlərə açıqlamasında bildirib.
“Sabah da məktəblərimiz bağlı olacaq. Şagirdlər evdə qalacaqlar. Cümə, şənbə və bazar günləri məktəb binalarını hərtərəfli yoxlayacağıq ki, bazar ertəsi tədris prosesi təhlükəsiz şəraitdə bərpa oluna bilsin”, - o, yerli televiziya kanallarının efirində deyib.
Valinin sözlərinə görə, xüsusi qruplar bütün məktəb binalarını, o cümlədən elektrik sızmalarının və təbii fəlakətin digər mümkün fəsadlarının olub-olmadığını yoxlayırlar.
Qeyd edək ki, Oktyabrın 15-də də İstanbulun təhsil müəssisələrində dərslər ləğv edilib. Dövlət müəssisələrində çalışan hamilə qadınlara və əlilliyi olan şəxslərə inzibati məzuniyyət verilib.