Bakı.Trend:
Azərbaycan öz sədrliyi dövründə regional platformamızın, AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.
O qeyd edib ki, Beynəlxalq münasibətlər sistemi bu gün köklü dəyişikliklər mərhələsini yaşayır.
“Gözlərimiz qarşısında yeni, çoxqütblü dünya nizamı formalaşır. Ölkələr bir dövlətin təhlükəsizliyinin digərlərinin təhlükəsizliyi hesabına təmin edilə bilməyəcəyi prinsipinə dayanan hər kəs üçün bərabər və bölünməz təhlükəsizlik daxil olmaqla birgə, müsbət inkişafa ehtiyac duyurlar. Bu fəlsəfə görüşümüzün yekunlarına dair qəbul ediləcək Yekun Bəyannamədə də dəqiq əksini tapıb.
Bu prosesdə tətbiqi əməkdaşlığın irəlilədilməsinə yönəlmiş regional təşkilatlar getdikcə daha mühüm rol oynayırlar.”, – deyə o bildirib.
S.Lavrov həmçinin əlavə edib ki, AQEM platformasında kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələlərinə hamilik etməyə davam edirik.
“Bu sektor innovativ inkişafın əsasını təşkil edir, texnoloji suverenliyi və əhalinin məşğulluğunu təmin edir. Prioritetdə təcrübə və ən yaxşı praktika mübadiləsidir”,- deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİCA) Yeddinci Sammiti keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.
"Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı Büyümə" şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə Sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.
AQEM-in institusional inkişafı getdikcə regional prioritetləri biznes və icmalar üçün maddi faydalarla birləşdirən praktiki əməkdaşlığa çevrilir.