Bakı. Trend:
Azərbaycan, Özbəkistan və Türkmənistan arasında nəqliyyat və tranzit bağlantılarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Müzakirələr oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində keçirilən üçtərəfli görüşdə aparılıb.
Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov iştirak ediblər.
Tərəflər Azərbaycan, Özbəkistan və Türkmənistan arasında qardaşlıq və dostluq münasibətlərinin mövcud vəziyyətini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Görüşdə üç ölkə arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasının regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb.
Bununla yanaşı, nəqliyyat və tranzit bağlantılarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə istiqamətində birgə fəaliyyətin dərinləşdirilməsinə xüsusi diqqət yetirilib.