Bakı.Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı ildə qlobal iqtisadi artımın 3,1%, 2027-ci ildə isə 3,4% təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə BVF-nin saytında dərc olunan məlumatda bildirilib.
Eyni zamanda, əsasən enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin artması səbəbindən 2026-cı ildə dünyada inflyasiyanın 4,7% təşkil edəcəyi gözlənilir.
Qeyd olunub ki, BVF-nin Tədqiqat Departamentinin şöbə müdiri Deniz İqanın sözlərinə görə, dünya iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirməkdə davam etsə də, ölkələr üzrə iqtisadi vəziyyət getdikcə daha çox fərqlənir.
“Süni intellektlə bağlı investisiya bumu və ya əlverişli ticarət şərtlərindən faydalanan ölkələr nisbətən yaxşı nəticələr göstərir. Bununla yanaşı, enerji daşıyıcılarını idxal edən bir çox ölkə və aşağı gəlirli dövlətlər daha mürəkkəb şəraitlə üzləşirlər”, - deyə o bildirib.
Bununla yanaşı, fond xəbərdarlıq edir ki, iqtisadiyyatların yeni sarsıntıların təsirlərini yumşaltmaq imkanları azalır. Bu isə qlobal iqtisadi perspektivlərin pisləşməsi risklərini artırır.
Deniz İqanın sözlərinə görə, Yaxın Şərqdəki gərginlik davam edə və ya daha da arta bilər. Bu, enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin yüksək səviyyədə qalmasına, iqtisadi artıma və inflyasiyaya əlavə təzyiq göstərilməsinə səbəb ola bilər.
O, digər risklər sırasında dövlət istiqrazlarının gəlirliliyinin artmasını və ticarət gərginliyinin yenidən güclənməsini də qeyd edib. Bildirilib ki, süni intellektin inkişafı məhsuldarlığın artırılması üçün əlavə imkanlar yarada bilər. Lakin bu texnologiya ilə bağlı gözləntilər həddindən artıq nikbin olarsa, maliyyə bazarlarında korreksiyaya da səbəb ola bilər.
Vurğulanıb ki, mövcud şəraitdə BVF hökumətləri ortamüddətli iqtisadi sabitliyi təhlükə altına atmadan cari sarsıntıların aradan qaldırılması üçün tədbirlər görməyə çağırır.
“Ölkələr yüksək borclanma səviyyəsini və borclanma xərclərinin artmasını nəzərə alaraq, büdcə ehtiyatlarını gecikmədən bərpa etməlidirlər. Ərzaq və enerji daşıyıcılarının bahalaşması ilə üzləşən ev təsərrüfatlarına göstərilən istənilən dəstək isə müvəqqəti və ünvanlı xarakter daşımalıdır”, - deyə D. İqan bildirib.
Fondun məlumatına görə, o, həmçinin pul-kredit siyasətinin daxil olan məlumatlar və hər bir ölkənin spesifik xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməsinin vacibliyini vurğulayıb. Buraya ölkələrin münaqişənin nəticələrinə və texnoloji dəyişikliklərə nə dərəcədə məruz qalması da daxildir.
BVF-nin qiymətləndirməsinə görə, uzunmüddətli perspektivdə enerji təhlükəsizliyinin gücləndirilməsi, süni intellektin tətbiqinə hazırlığın artırılması, eləcə də açıq ticarətin və beynəlxalq əməkdaşlığın qorunması mühüm əhəmiyyət daşıyacaq.