Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan dəmir yollarının rəqabət qabiliyyətinin artırılması ilə bağlı təkliflərin üç ay ərzində hazırlanacağını bildirib.
TASS-ın məlumatına görə, bu barədə o, İrəvanda keçirdiyi brifinqdə “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorovla aparılan danışıqlardan sonra bildirib.
“Artıq demişəm ki, bizim Ermənistan dəmir yollarının Rusiya konsessiyasında olması ilə bağlı prinsipial problemimiz yoxdur. Vəzifəmiz dəmir yolumuzun rəqabətədavamlı olmasını təmin etməkdir. Dünənki söhbətimizdə də qeyd etdim ki, bu məqsədə nail olmaq üçün apardığımız təhlillər konsessiya idarəetmə modelinin dəyişdirilməsinin, yəni idarəetmənin üçüncü tərəfə verilməsinin daha məqsədəuyğun olduğunu göstərir.
Lakin rusiyalı tərəfdaşlarımız bu məsələnin həll yolunu bildiklərini deyirlərsə, qoy təkliflərini təqdim etsinlər. Müzakirələrin yekununda dedim: “Çox yaxşı, gəlin, üç ay ərzində Ermənistan dəmir yolunun necə rəqabətədavamlı olunacağına dair suala cavab tapacaq bir qrup yaradaq”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda “Rusiya Dəmir Yolları”nın baş direktoru Oleq Belozyorov ilə görüş keçirib. Onlar Gümrü–Axurik–Türkiyə sərhədi və Arazdəyən–Naxçıvan dəmir yolu xətlərinin ayrı-ayrı hissələrinin yenidən qurulması layihələri və bu layihələrin yaradacağı imkanlar barədə fikir mübadiləsi aparıblar.
Ermənistanın dəmir yolu xətləri “Rusiya Dəmir Yolları”nın balansındadır.