Bakı. Trend:
Azərbaycanda 350 minə yaxın aktiv fermer üçün elektron kabinet vasitəsilə “Aqrar Süni İntellekt” layihəsinin imkanlarından istifadə şəraiti yaradılıb.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova cümə axşamı “Aqrar Süni İntellekt” layihəsinin icra vəziyyəti və aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında Trend-in sualını cavablandırarkən deyib.
Nazir müavini bildirib ki, fermerlər elektron kabinetlərində öz reytinqlərini və bitki sağlamlığı ilə bağlı məlumatları görə bilərlər. Bununla belə, sahələrin koordinatları barədə məlumatların tamlığı xidmətlərdən istifadə üçün mühüm əhəmiyyət daşıyır:
“Biz ümumi ölkə və ya şəhər üzrə temperaturdan danışmırıq. Təqdim edilən məlumatlar fermerin sistemə daxil etdiyi konkret sahənin yerləşdiyi əraziyə uyğun müəyyənləşdirilir. Fermerin kabinetində sahənin koordinatları ilə bağlı çatışmazlıq varsa, əldə etdiyi məlumatlar da natamam ola bilər”.
İ.Qədimova qeyd edib ki, xidmətlər istifadəçinin qeydiyyata aldığı sahəyə və seçdiyi bitkiyə uyğun təqdim olunur. Telegram vasitəsilə xidmətlərdən istifadə edən fermerlərin sayının artırılması üçün də tanıtım işləri davam etdiriləcək.
“Öncü fermerlərlə bu prosesdə işləmişik. Onlar "telegram" alətlərindən öz bağlarında və əkin sahələrində istifadə ediblər. Növbəti mərhələdə onlardan rəylərin alınmasına keçmişik. Bu, həm təqdim etdiyimiz həllərin düzgünlüyünü yoxlamağa, həm də fermerlərin əlavə sual və təklifləri əsasında layihəni inkişaf etdirməyə imkan verir”, – deyə nazir müavini bildirib.
O əlavə edib ki, bitki identifikasiyası həlli üzrə işlərə ilin son rübündə başlanacaq. Bu həll fermerin bəyan etdiyi bitkinin sahədə faktiki mövcudluğunu müəyyənləşdirməyə xidmət edəcək.
“İlkin mərhələdə torpaq hazırlığı, daha sonra əkinin çıxışı, son mərhələdə isə bitkinin identifikasiyası yoxlanılır. Modulların düzgünlüyünü qiymətləndirmək üçün təsərrüfat ili ilə paralel işləməliyik. Məlumatlar sahədə də yoxlanılır”, – deyə İ.Qədimova vurğulayıb.
Nazir müavininin sözlərinə görə, yeni dövlət proqramında nəzərdə tutulan fermerin əkin xəritəsinin hazırlanması üzrə işlərə də ilin son rübündə başlanacaq. Məqsəd bu həllərin ilkin mərhələsini cari ildə yekunlaşdırmaqdır.