Bakı. Trend:
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun İllik Toplantılarında iştirak edir.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 12-də Tailand Krallığının paytaxtı Banqkok şəhərində Beynəlxalq Valyuta Fondunun və Dünya Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb.
Oktyabrın 18-dək davam edəcək Toplantılarda maliyyə nazirinin birinci müavini Anar Kərimovun rəhbərliyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti iştirak edir. Səfər çərçivəsində nümayəndə heyətinin plenar iclasda və digər tədbirlərdə iştirakı, həmçinin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Toplantılar çərçivəsində geosiyasi gərginliklərin və Yaxın Şərqdə davam edən müharibənin qlobal iqtisadiyyata təsiri, dünya iqtisadiyyatının inkişaf perspektivləri, beynəlxalq maliyyə bazarlarının mövcud vəziyyəti, qlobal dövlət borcunun artması və borc dayanıqlığı ilə bağlı risklər, enerji qiymətlərinin inflyasiyaya təsiri, eləcə də qlobal maliyyə sabitliyinin qorunması məsələləri müzakirə olunacaq.
Bununla yanaşı, süni intellektin iqtisadiyyata və məşğulluğa təsiri, investisiya və inkişaf layihələrinin maliyyələşdirilməsi üçün özəl kapitalın səfərbər edilməsi, infrastrukturun inkişafı, eləcə də iqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının təşviqi məsələləri də Toplantıların əsas müzakirə istiqamətləri sırasındadır.