Bakı. Trend:
Azərbaycanın enerji resursları, sənaye potensialı, nəqliyyat infrastrukturu və Avropa ilə Asiya arasında strateji mövqeyi Cənub-Şərqi Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Laos və Kamboca ilə son görüşlər göstərir ki, bu ölkələr Azərbaycanla əlaqələri diplomatik münasibətlər çərçivəsində saxlamaqla kifayətlənmirlər, enerji, investisiya, texnologiya və regional bazarlara çıxış baxımından da genişləndirməkdə maraqlıdırlar.
Laos üçün Azərbaycanla əməkdaşlığın ən konkret istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Ölkə neft tələbatını tamamilə idxal hesabına ödəyir və Azərbaycanla neft ticarətini, gələcəkdə isə neft emalı sahəsində əməkdaşlığı nəzərdən keçirir. Kamboca isə Azərbaycanın enerji, neft-kimya, rəqəmsal infrastruktur və investisiya sahələrində imkanlarından yararlanmaqla iqtisadi əlaqələrini genişləndirə bilər. Hər iki ölkənin Azərbaycan investorlarını cəlb etmək istəyi də Bakının tərəfdaş qismində təklif edə biləcəyi imkanların əhəmiyyətini göstərir.
Azərbaycanın üstünlüyünü təkcə enerji resursları ilə məhdudlaşdırmaq doğru olmaz. Ölkənin sənaye parkları, Ələt Azad İqtisadi Zonası, nəqliyyat-logistika infrastrukturu və rəqəmsal xidmətlər sahəsində təcrübəsi xarici tərəfdaşlar üçün istehsal, investisiya və bazarlara çıxış imkanları yaradır. Laos və Kamboca üçün əsas məsələ bu imkanlardan istifadə etməklə iqtisadiyyatlarını şaxələndirmək, yeni investisiyalar cəlb etmək və regional ticarətdə mövqelərini gücləndirməkdir.
Bununla belə, Azərbaycanla əməkdaşlığın onların iqtisadiyyatları üçün nə dərəcədə faydalı olacağı konkret layihələrdən asılıdır. Bakı üçün isə bu əlaqələr qeyri-neft ixracının genişləndirilməsi, Azərbaycan şirkətlərinin yeni bazarlara çıxması və ölkənin regional iqtisadi qovşaq kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Siyasi yaxınlıqdan iqtisadi nəticələrə keçid
Azərbaycanın Laos və Kamboca ilə münasibətlərində son dövrdə müşahidə olunan fəallıq Cənub-Şərqi Asiyanın ölkənin xarici iqtisadi gündəliyində tutduğu yerin artdığını göstərir. Laosla diplomatik münasibətlər 30 ildən artıqdır davam edir. Kamboca ilə də siyasi dialoq beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstəklə müşayiət olunur. İndi əsas məqsəd bu əlaqələri iqtisadi sahədə də eyni səviyyəyə çatdırmaqdır.
Laos Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Bakıya səfəri zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı və nəqliyyat məsələləri müzakirə olunub. Prezident İlham Əliyev iki ölkə arasında mövcud ticarət əlaqələrinin imkanları əks etdirmədiyini bildirərək deyib: “Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin”.
Prezident İlham Əliyevin sözlərinə görə, Bakıda keçirilən Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım hesab edilə bilər.
“Eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu fikir Azərbaycan-Laos münasibətlərinin qarşısında duran əsas iqtisadi vəzifəni müəyyənləşdirir: siyasi əlaqələrdə əldə olunmuş irəliləyişin biznes səviyyəsində konkret nəticələrlə tamamlanması. Azərbaycan tərəfi Laosdan potensial investorlar üçün konkret layihələr təqdim etməsini gözləyir. Bu yanaşma investisiyaların ümumi təşviqi ilə yanaşı, maliyyələşdirilməsi və icrası mümkün olan təşəbbüslərin seçilməsinə əsaslanır.
Kamboca ilə münasibətlərdə də oxşar yanaşma mövcuddur. Oktyabrın 12-də Bakıda Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə keçirilən görüşlərdə ticarət və investisiya əməkdaşlığının praktiki məsələlərini araşdırmaq üçün birgə işçi qrupu yaradılması barədə razılıq əldə olunub. Prezident İlham Əliyev bu mexanizmin məqsədini belə izah edib: “Əlbəttə ki, ticarət və investisiya sahəsində əməkdaşlıq imkanlarını da araşdırmalıyıq.
Bu imkanları ətraflı müzakirə etdik və ticarət və investisiya əməkdaşlığımızın praktik aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratdıq. Beləliklə, bir çox imkanlar var. Məsafə yeganə maneə ola bilər, amma bugünkü dünyada bu, ciddi problem deyil. Digər bir maneə məlumat çatışmazlığıdır. Və biz bu boşluğu doldurmalıyıq”.
Bu yanaşma biznes forumlarının rolunu da müəyyənləşdirir. Belə tədbirlər şirkətlərin bir-birini tanıması üçün başlanğıc yaradır, lakin davamlı əməkdaşlıq bazar araşdırmaları, tərəfdaşların seçilməsi, maliyyələşdirmə və müqavilələrin hazırlanması ilə formalaşır.
Azərbaycanın regional mövqeyi nə vəd edir?
Azərbaycanın Laos və Kamboca üçün potensial əhəmiyyəti onun Avropa ilə Asiya arasında yerləşməsi, Xəzər dənizinə çıxışı və Orta Dəhlizdə iştirak etməsi ilə bağlıdır. Ölkənin nəqliyyat infrastrukturu Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə əlaqələrin qurulması üçün imkanlar yaradır. Bu üstünlüklərdən istifadə etməklə Cənub-Şərqi Asiya şirkətləri Azərbaycanı təkcə istehlak bazarı görməməlidirlər. Onlar Azərbaycanı eyni zamanda daha geniş coğrafiyaya çıxış üçün potensial istehsal və ticarət məkanı kimi də nəzərdən keçirə bilərlər.
Azərbaycan nümayəndə heyətinin nümayəndəsi Yusif Abdullayev Kamboca ilə keçirilən biznes forumunda Azərbaycanın iqtisadiyyatın qeyri-neft-qaz sektorlarında əməkdaşlıq imkanlarına diqqət çəkib. O bildirib: “Bu gün Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat, logistika və iqtisadi qovşaq kimi mövqeyini möhkəmləndirir. Eyni zamanda, biz iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də qeyri-neft-qaz sektorlarının inkişafı istiqamətində fəal iş aparırıq”.
Bu yanaşma Azərbaycan üçün iki əsas istiqaməti ön plana çıxarır. Birincisi, xarici şirkətləri ölkənin sənaye və iqtisadi zonalarına cəlb etməklə yerli istehsal imkanlarını genişləndirməkdir. İkincisi, Azərbaycan şirkətlərinin yeni bazarlara çıxışını və qeyri-neft məhsullarının ixracını artırmaqdır.
Laos şirkətləri Azərbaycanın sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında investisiya imkanlarını araşdıra bilərlər. Kamboca ilə müzakirələrdə isə Ağdam Sənaye Parkı, Araz Vadisi İqtisadi Zonası, enerji, neft-kimya, aqrotexnologiyalar və rəqəmsal infrastruktur mümkün əməkdaşlıq sahələri kimi gündəmə gəlib.
Eyni zamanda, Cənub-Şərqi Asiya şirkətləri üçün Azərbaycan üzərindən regional bazarlara çıxış imkanları yalnız coğrafi mövqe ilə ölçülməməlidir. Məhsulun çatdırılma xərcləri, tranzit müddəti, gömrük prosedurları, standartlar və yük həcmləri alternativ marşrutlarla müqayisə olunmalıdır. Buna görə də Orta Dəhlizin Laos və Kamboca ilə əlaqələndirilməsi artıq tam formalaşmış nəqliyyat zənciri kimi deyil, kommersiya baxımından araşdırılmalı perspektiv kimi qiymətləndirilməlidir.
Laosla əməkdaşlıqda enerji və xammalın emalı ön plana çıxır
Laos Azərbaycanla əməkdaşlığın genişləndirilməsində enerji, neft ticarəti, dağ-mədən sənayesi, kənd təsərrüfatı və logistika istiqamətlərinə maraq göstərir. Ölkənin dənizə birbaşa çıxışının olmaması və regional nəqliyyat bağlantılarını genişləndirmək istəyi də iqtisadi əlaqələrin qurulmasında mühüm amildir.
Laos Milli Ticarət və Sənaye Palatasının nümayəndəsi Vanthana Nolintha ölkəsinin enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırmaq istədiyini bildirib. Onun sözlərinə görə, Laos neft tələbatının hamısını idxal hesabına ödəyir və Azərbaycanla neft ticarətini, daha sonrakı mərhələdə isə neft emalı sahəsində əməkdaşlığı nəzərdən keçirir.
Bu maraq Azərbaycan üçün enerji ixracının coğrafiyasını genişləndirmək imkanını gündəmə gətirir. Lakin Laosun neft idxalından asılılığı öz-özlüyündə Azərbaycan təchizatının kommersiya baxımından rəqabətqabiliyyətli olacağına zəmanət vermir. Daşınma xərcləri, alternativ təchizatçılar, çatdırılma marşrutları və uzunmüddətli müqavilələrin şərtləri mümkün əməkdaşlığın iqtisadi səmərəsini müəyyən edəcək.
Digər perspektivli istiqamət xammalın emalı və yüksək əlavə dəyərli məhsulların istehsalıdır. Laos nümayəndələri ölkədə yeni mədən layihələri üzrə lisenziyalaşdırma məhdudiyyətlərinin mövcudluğunu, bununla yanaşı, lisenziyalı yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində emal imkanlarının qaldığını bildiriblər. Azərbaycan şirkətləri üçün bu, xammal tədarükü ilə yanaşı, texnologiya mübadiləsi, emal müəssisələrinin yaradılması və yerli istehsalın inkişafı baxımından da araşdırıla biləcək sahədir.
Kənd təsərrüfatında isə məhsulların saxlanması, qablaşdırılması, emalı və ixraca hazırlanması üzrə əməkdaşlıq imkanları var. Azərbaycanın təcrübəsi Laosda istehsal olunan məhsulların əlavə dəyərini artırmağa, Laosun kənd təsərrüfatı imkanları isə Azərbaycan şirkətlərinin yeni məhsul və bazarları araşdırmasına kömək edə bilər.
Oktyabrın 13-də kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadilə edilməsi bu istiqamətdə institusional zəmin yaradır. Bununla belə, memorandumun iqtisadi təsiri konkret layihələr, məhsul qrupları və ticarət müqavilələri ilə ölçüləcək.
Laosun nəqliyyat strategiyası Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
Laosun iqtisadi strategiyasının mühüm istiqamətlərindən biri dənizə çıxışı olmayan ölkədən regional nəqliyyat və logistika mərkəzinə çevrilməkdir. Çinlə dəmir yolu bağlantısı ölkəni Çin nəqliyyat şəbəkəsinə bağlayır, qonşu ölkələrlə yeni əlaqələr isə regional bazarlara çıxış imkanlarını genişləndirməyi hədəfləyir.
Laos Milli Ticarət və Sənaye Palatasının icraçı vitse-prezidenti Tanonqsin Kanlaqna Trend-ə müsahibəsində iki ölkənin coğrafi mövqelərini bir-birini tamamlaya bilən üstünlük kimi təqdim edib. O bildirib: “Azərbaycan Orta Dəhliz vasitəsilə Xəzər dənizini, Mərkəzi Asiyanı və Avropanı birləşdirir, Laos isə regional tranzit mərkəzinə çevrilməyi hədəfləyir. Bu iki “körpünü” ölkələrimizin, qonşu dövlətlərin və bütövlükdə regionların maraqları naminə necə daha yaxşı əlaqələndirə bilərik?”
Bu fikir potensial əməkdaşlığın əsas istiqamətini ifadə edir. Laosun regional nəqliyyat şəbəkələri ilə əlaqələrinin genişlənməsi Azərbaycan şirkətlərinə Cənub-Şərqi Asiyada tərəfdaşlar tapmaq üçün əlavə imkanlar yarada bilər. Eyni zamanda, Azərbaycan üzərindən keçən marşrutlar Laos məhsullarının qərb bazarlarına çatdırılması üçün alternativ kimi araşdırıla bilər.
Lakin bu marşrutların kommersiya baxımından işlək olması üçün logistika şirkətləri daşıma müddətini, tarifləri, sərhəd prosedurlarını və yük həcmlərini müqayisə etməlidirlər. Buna görə də regional nəqliyyat əlaqələrinin inkişafı mühüm potensial yaratsa da, onun real iqtisadi nəticəsi konkret daşımaların və müqavilələrin formalaşmasından asılıdır.
Kamboca ilə əməkdaşlıqda istehsal və ASEAN bazarı
Kamboca ilə iqtisadi əlaqələrin əsas məntiqi Laosla əməkdaşlıqdan müəyyən dərəcədə fərqlənir. Kambocanın istehsal və kənd təsərrüfatı sektorları, gənc işçi qüvvəsi və ASEAN bazarına çıxış imkanları Azərbaycan şirkətləri üçün potensial istehsal və ticarət tərəfdaşıdır. Azərbaycan isə enerji, neft-kimya, logistika, aqrotexnologiyalar və rəqəmsal xidmətlər sahəsində imkanlar təklif edə bilər.
Oktyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumunda təxminən 80 Azərbaycan şirkəti və Kambocanın 12 şirkətinin 16 nümayəndəsi iştirak edib. Təmsil olunan sahələrə bank və maliyyə xidmətləri, turizm, informasiya-kommunikasiya texnologiyaları, enerji, daşınmaz əmlak, kənd təsərrüfatı və su təsərrüfatı daxil olub.
Kambocanın Baş naziri Hun Manet iqtisadi münasibətlərin hələ ilkin mərhələdə olduğunu qeyd edərək əməkdaşlığın konkret layihələrlə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib: “Növbəti addım əldə edilmiş razılaşmaları konkret hərəkətlərə çevirmək və real nəticələr əldə etmək üçün əməkdaşlıq yollarını tapmaqdır”.
Bu yanaşma istehsal, investisiya və xidmətlər sahəsində mümkün əməkdaşlığın əsas şərtini göstərir. Azərbaycan şirkətləri Kambocada istehsalın təşkili, yerli müəssisələrlə tərəfdaşlıq və məhsulların regional bazarlara çıxarılması imkanlarını araşdıra bilərlər. Kamboca şirkətləri də Azərbaycanda istehsal qurmaqla Cənubi Qafqaz, Mərkəzi Asiya və digər yaxın bazarlara çıxış variantlarını qiymətləndirə bilərlər.
Kamboca Ticarət Palatasının prezidenti və ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Oknha Kit Meng qarşılıqlı investisiyalar, enerji, süni intellekt və texnologiya transferini perspektivli sahələr kimi göstərib. O, həmçinin Azərbaycanın Pnompendə tamhüquqlu səfirlik açmasını və iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılması imkanlarının nəzərdən keçirilməsini təklif edib.
Bu təkliflər biznes əlaqələrinin genişləndirilməsində məlumat və təmas çatışmazlığının aradan qaldırılmasının əhəmiyyətini göstərir. Birbaşa hava əlaqəsi işgüzar səfərləri və turizmi asanlaşdıra bilər, lakin onun iqtisadi əsaslandırılması sərnişin tələbi, uçuşların doluluğu və aviaşirkətlərin kommersiya maraqlarından asılıdır. Eyni qaydada diplomatik nümayəndəliyin açılması əlaqələri asanlaşdıra bilər, amma ticarətin artması üçün şirkətlər arasında aktiv əməkdaşlıq ayrıca tələb olunur.
Azərbaycan üçün digər imkan rəqəmsal xidmətlər və dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsidir. ASAN xidmət modelinə maraq dövlət xidmətlərinin təşkili, rəqəmsallaşdırma və xidmətlərin əlçatanlığının artırılması sahələrində əməkdaşlığın araşdırılmasına şərait yarada bilər. Bunun real nəticəyə çevrilməsi isə konkret tətbiq sahələrinin və yerli ehtiyacların müəyyənləşdirilməsini tələb edir.
Sazişlər və biznes mühiti: əməkdaşlığın hüquqi əsasları
Laos və Kamboca ilə iqtisadi münasibətlərin genişlənməsi bazar imkanları ilə yanaşı, investorlar üçün hüquqi və institusional şəraitdən də asılıdır. Müqavilələrin müdafiəsi, vergitutma qaydaları, mənfəətin köçürülməsi və inzibati prosedurlar şirkətlərin investisiya qərarlarında mühüm rol oynayır.
Laosla investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş üzrə işlər davam etdirilir. Belə sənədin imzalanması investorların hüquqlarının müdafiəsi və mübahisələrin həlli qaydalarının aydınlaşdırılması baxımından əhəmiyyət daşıya bilər. Lakin sazişin praktiki təsiri onun müddəalarından və faktiki investisiya layihələrindən asılı olacaq.
Kamboca ilə isə ticarət-iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişi və gəlirlərə görə vergilər üzrə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş imzalanıb. İkiqat vergitutmanın aradan qaldırılması şirkətlər üçün sərhədlərarası iqtisadi fəaliyyətdə daha aydın vergi qaydaları yaratmağa və eyni gəlirin hər iki ölkədə vergiyə cəlb olunması riskini azaltmağa xidmət edir. Bununla belə, sazişin praktiki tətbiqi onun qüvvəyə minməsi və müvafiq prosedurlardan asılıdır.
İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ayrıca sazişin hazırlanması isə Kamboca ilə əməkdaşlığın növbəti hüquqi istiqamətidir. Bu sənədin hazırlanması ilə imzalanmış sazişlərin statusunu fərqləndirmək vacibdir: investisiyaların qorunması barədə razılaşma hələ tamamlanmış hüquqi mexanizm kimi təqdim edilə bilməz.
Laosla kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında memorandum və xidmət pasportu sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş də mübadilə olunub. Bu sənədlər müvafiq sahələrdə əlaqələrin asanlaşdırılması üçün zəmin yaradır. Bununla belə, xidmət pasportları üçün viza güzəştini bütün vətəndaşlara şamil olunan ümumi vizasız rejim kimi qiymətləndirmək olmaz.
Hər iki ölkə ilə biznes forumlarının davamlı mexanizmə çevrilməsi də vacibdir. Laos tərəfi birgə biznes şurası və ya işçi qrupu yaradılmasını, investisiya və vergi sazişləri üzrə işlərin davam etdirilməsini, qarşılıqlı biznes nümayəndə heyətlərinin səfərlərini təklif edib. Kamboca ilə isə ticarət və investisiya məsələləri üzrə birgə işçi qrupu yaradılması barədə razılıq əldə olunub.
Bu mexanizmlərin faydası görüşlərin sayından çox, onların konkret nəticələrindən asılı olacaq: yeni müqavilələr, birgə müəssisələr, ixrac sifarişləri və reallaşdırılan investisiya layihələri əməkdaşlığın real göstəriciləridir.
İqtisadi potensialın qarşısındakı əsas çətinliklər
Laos və Kamboca ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac coğrafiyasının şaxələndirilməsi baxımından maraq doğurur. Lakin bu potensialı qiymətləndirərkən bir neçə əsas məhdudiyyət nəzərə alınmalıdır.
Birincisi, logistika xərcləridir. Azərbaycanla Cənub-Şərqi Asiya arasında yükdaşımalar müxtəlif nəqliyyat növlərinin və tranzit marşrutlarının əlaqələndirilməsini tələb edə bilər. Buna görə də hər bir məhsul üzrə çatdırılma müddəti, sığorta, liman və tranzit haqları, gömrük prosedurları və geri istiqamətdə yük imkanları müqayisə edilməlidir.
İkincisi, bazar haqqında məlumat və biznes tərəfdaşlarının müəyyənləşdirilməsidir. Şirkətlər qarşı tərəfin bazar tələbatı, rəqabət mühiti, yerli qaydalar və potensial tərəfdaşları haqqında kifayət qədər məlumat əldə etmədən investisiya qərarları verməkdə çətinlik çəkə bilərlər. Buna görə də biznes forumları bazar araşdırmaları və şirkətlər arasında davamlı əlaqələrlə tamamlanmalıdır.
Üçüncüsü, siyasi razılaşmaların iqtisadi nəticələrə çevrilməsidir. Çərçivə sazişləri, memorandumlar və investisiya təşviqləri əməkdaşlıq üçün zəmin yaradır, lakin öz-özlüyündə ticarət həcmini artırmır. Bunun üçün maliyyələşdirilməsi müəyyənləşdirilmiş layihələr, uzunmüddətli alqı-satqı müqavilələri, yerli tərəfdaşlar və aydın icra qrafikləri tələb olunur.
Dördüncüsü, məhsulların bazarlara uyğunluğudur. Ərzaq, kənd təsərrüfatı məhsulları və sənaye malları üzrə keyfiyyət, təhlükəsizlik, sertifikatlaşdırma və mənşə tələbləri ixrac imkanlarına birbaşa təsir edir. Bu sahədə ticarət palataları, dövlət qurumları və ixracın təşviqi təşkilatları arasında əməkdaşlıq şirkətlərin bazara giriş xərclərini azalda bilər.
Nəhayət, əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı fayda yaratmalıdır. Azərbaycan şirkətlərinin xarici bazarlarda fəaliyyəti yalnız xammal satışı və ya ayrı-ayrı müqavilələrlə məhdudlaşmamalı, yerli istehsal, emal, texnologiya mübadiləsi və insan kapitalının inkişafı kimi sahələri də əhatə etməlidir. Bu yanaşma daha davamlı iqtisadi əlaqələrin formalaşmasına kömək edə bilər.
Növbəti mərhələ konkret layihələrdən asılıdır
Azərbaycanın Laos və Kamboca ilə münasibətlərinin genişləndirilməsi üçün siyasi iradə və ilkin institusional mexanizmlər mövcuddur. Laosla enerji, neft ticarəti, xammalın emalı, kənd təsərrüfatı və logistika sahələrində əməkdaşlıq imkanları müzakirə olunur. Kamboca ilə isə istehsal, enerji, rəqəmsal texnologiyalar, ticarətin asanlaşdırılması və ASEAN bazarına çıxış perspektivləri diqqət mərkəzindədir.
Bu iki ölkə Azərbaycanın Cənub-Şərqi Asiyaya iqtisadi çıxışını genişləndirmək baxımından bir-birini tamamlayan tərəfdaşlar ola bilər. Laosun xammalın emalı və regional nəqliyyat əlaqələri, Kambocanın istehsal sektoru və regional bazar əlaqələri fərqli əməkdaşlıq modelləri təklif edir. Azərbaycan da öz növbəsində enerji, sənaye, logistika və rəqəmsal xidmətlər sahəsində təcrübəsini bu ölkələrlə bölüşə bilər.
Lakin əsas nəticə coğrafi mövqelərin və siyasi yaxınlığın sadəcə bəyan edilməsindən deyil, onların iqtisadi baxımdan işlək layihələrə çevrilməsindən asılıdır. İlk mərhələdə ən real addımlar konkret məhsul və xidmətlər üzrə bazar araşdırmalarının aparılması, şirkətlər arasında birbaşa əlaqələrin qurulması, logistika xərclərinin müqayisəsi və investisiya layihələrinin hazırlanması ola bilər. Daha sonra bu əməkdaşlıq istehsal müəssisələrinin yaradılması, emal layihələri, uzunmüddətli tədarük müqavilələri və texnologiya mübadiləsi ilə genişləndirilə bilər.
Beləliklə, Laos və Kamboca ilə iqtisadi münasibətlər Azərbaycanın xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün perspektiv təqdim edir. Bununla belə, bu perspektivin real iqtisadi nəticəyə çevrilməsi üçün siyasi dialoq biznes səviyyəsində davamlı fəaliyyətlə tamamlanmalı, elan edilmiş təşəbbüslər isə ölçülə bilən investisiya və ticarət göstəricilərinə çevrilməlidir.