Bakı. Trend:
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Orta Dəhlizin inteqrasiya olunmuş, etibarlı və kommersiya baxımından əhəmiyyətli nəqliyyat şəbəkəsi kimi gücləndirilməsini dəstəkləyir.
Bunu AIIB-nin 2-ci region üzrə dövlət sektoru müştəriləri ilə iş üzrə Baş direktoru Syaohun Yanq Trend-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, bağlantılılıq AIIB-nin təsis edilməsindən etibarən mandatının əsas istiqamətlərindən biri olub və qlobal ticarət və istehsal modelləri dəyişdikcə onun əhəmiyyəti daha da artır.
“Nəqliyyat dəhlizlərini iqtisadiyyatları və bazarları birləşdirən daha şaxələndirilmiş, səmərəli və dayanıqlı şəbəkələrin inkişafı üçün imkan kimi qiymətləndiririk. Bu baxımdan Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə xüsusi əhəmiyyət daşıyır. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, həmçinin Orta Dəhliz kimi tanınan bu marşrut iki böyük bazar – Asiya və Avropa arasında bağlantı yaradır”, - deyə Syaohun Yanq bildirib.
AIIB rəsmisi qeyd edib ki, Orta Dəhlizin inkişafı yalnız ayrı-ayrı infrastruktur obyektlərinin yaradılması ilə məhdudlaşmamalıdır.
“Dəhliz mahiyyət etibarilə multimodaldır və dəmir yolları, avtomobil yolları, limanlar, dəniz nəqliyyatı, logistika obyektləri və getdikcə daha çox rəqəmsal sistemləri bir araya gətirir. Dəhlizin səmərəliliyi bu komponentlərin vahid sistem kimi nə dərəcədə yaxşı işləməsindən, o cümlədən sərhəd prosedurlarının səmərəliliyindən, sistemlərin uyğunluğundan və etibarlı logistika xidmətlərindən asılı olacaq”, - deyə o vurğulayıb.
Syaohun Yanq bildirib ki, Orta Dəhlizin inkişafı üçün qarşıdakı 15 il ərzində təxminən 28 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac ola bilər.
“Bakıda keçirilmiş İslam İnkişaf Bankının illik toplantısında səsləndirilən hesablamalara görə, qarşıdakı 15 il ərzində dəhliz üzrə təxminən 28 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac var. Bu, həm imkanların miqyasını, həm də yaxşı hazırlanmış və maliyyələşdirilə bilən layihələrdən ibarət güclü portfelin formalaşdırılmasının əhəmiyyətini göstərir”, - deyə AIIB rəsmisi bildirib.
Onun sözlərinə görə, dəmir yolları və avtomobil yolları Orta Dəhlizin əsas komponentləri olaraq qalır, lakin dəhlizin səmərəliliyi bütün logistika zəncirinin fəaliyyətindən asılıdır.
“Limanlar, gəmiçilik imkanları, logistika mərkəzləri, sərhəd-keçid infrastrukturu, əməliyyat sistemləri və rəqəmsal platformaların hamısı mühüm rol oynayır”, - deyə o qeyd edib.
AIIB rəsmisi bildirib ki, dəhlizin inkişafında əsas məqsəd yalnız ayrı-ayrı infrastruktur obyektlərinin maliyyələşdirilməsi deyil.
“Buna görə də çoxtərəfli inkişaf bankı baxımından prioritet yalnız ayrı-ayrı infrastruktur obyektlərini maliyyələşdirmək deyil, dəhlizin bütövlükdə fəaliyyətinə təsir edən məhdudiyyətləri aradan qaldırmaqdır. Bunun üçün iştirakçı ölkələr arasında koordinasiya, uyğun hallarda sistem və standartların uyğunlaşdırılması, eləcə də bir-birini təkrarlamayan, əksinə tamamlayan investisiya qərarları tələb olunur”, - deyə Syaohun Yanq vurğulayıb.
O qeyd edib ki, AIIB artıq Transxəzər marşrutu ilə əlaqəli əsas bağlantı investisiyalarını, o cümlədən avtomobil və dəmir yolu layihələrini dəstəkləyir.
“Gələcəkdə üzv ölkələr və digər inkişaf tərəfdaşları ilə əməkdaşlıq edərək dəhlizin inteqrasiya olunmuş, etibarlı və kommersiya baxımından əhəmiyyətli nəqliyyat şəbəkəsi kimi gücləndirilməsi üçün imkanlar görürük”, - deyə baş direktor bildirib.
Syaohun Yanq Azərbaycanın bu regional şəbəkədə mühüm rol oynadığını vurğulayıb.
“Azərbaycan bu regional şəbəkədə mühüm rol oynayır. Son səfərim zamanı ölkədə həyata keçirilən infrastruktur modernləşdirilməsinin miqyası məndə böyük təəssürat yaratdı. Bu səfər həmçinin rəhbərliyin həm region daxilində, həm də regiondan kənarda dövlət və özəl sektor arasında əməliyyat səmərəliliyinə və strateji əməkdaşlığa verdiyi önəmi bir daha göstərdi”, - deyə o bildirib.
AIIB rəsmisinin sözlərinə görə, Bankın daha geniş məqsədi regional bağlantıları yaxşılaşdıran, logistika məhdudiyyətlərini azaldan və dəhliz boyunca yerləşən ölkələr arasında ticarət və iqtisadi inteqrasiyanı asanlaşdıran infrastrukturu dəstəkləməkdir.
“AIIB üçün daha geniş məqsəd regional bağlantıları yaxşılaşdıran, logistika məhdudiyyətlərini azaldan və dəhliz boyunca yerləşən ölkələr arasında ticarət və iqtisadi inteqrasiyanı asanlaşdıran infrastrukturu dəstəkləməkdir”, - deyə Syaohun Yanq fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Marşrut Çin və Mərkəzi Asiya ölkələrindən keçərək Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanır. Orta Dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ marşrutlardan biri kimi nəzərdən keçirilir.