Bakı. Trend:
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulmasından sonra “C6” formatında əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında inteqrasiyanın güclənməsi, regional sülh və sabitliyin möhkəmləndirilməsi, eləcə də siyasi, iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri, deputat Ramid Namazov deyib.
Deputat bildirib ki, Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşünün keçirilməsi Avrasiya regionunun mühüm coğrafiyasında yerləşən dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat və logistika sahələrində əlaqələrin güclənməsinin göstəricisidir.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü olmasından sonra tədbirin altıtərəfli formatda keçirilməsi bölgədə əməkdaşlığın, sülhün və sabitliyin möhkəmləndirilməsi üçün əhəmiyyətli imkanlar açır. Bu, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya arasında vahid məkanda inteqrasiyanın formalaşması üçün əlverişli və sağlam mühitin yarandığını təsdiqləyir.
R.Namazov qeyd edib ki, ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması ilə bağlı tarixi qərarın reallaşmasında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüskarlığı mühüm rol oynayıb. Deputat bunu Türkmənistanın Azərbaycana möhkəm dostluq və qardaşlıq münasibətinin nümunəsi kimi dəyərləndirib.
O bildirib ki, Məşvərət Görüşündə çıxış edən Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, ötən ildən bəri Türkmənistandan Azərbaycana artıq beş yüksəksəviyyəli səfər həyata keçirilib. Bu, siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə qarşılıqlı marağı əks etdirir.
Deputat Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, qardaş ölkənin Füzuli şəhərində məscid tikməsi əvəzolunmaz hədiyyə olmaqla yanaşı, xalqlar arasında mənəvi yaxınlığın daha bir təzahürüdür.
R.Namazov qeyd edib ki, Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşündə də vurğulandığı kimi, ölkələr arasında dostluq və qardaşlıq münasibətləri son illərdə dinamik inkişaf edərək siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələri, həmçinin Xəzər dənizi ilə bağlı məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı əhatə edib.
Deputatın fikrincə, siyasi və diplomatik əməkdaşlığın möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər, sülh, sabitlik və təhlükəsizlik, ticarət-iqtisadi əlaqələrin inkişafı üzrə yeni gündəlik müəyyənləşdirən “C6” formatı qarşıya qoyduğu iddialı hədəflərə doğru irəliləyir.
O bildirib ki, dövlətlər arasında siyasi dialoqun möhkəmlənməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin xatırlatdığı kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələri yüksək səviyyədədir, qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm xarakter alması isə təmasları daha da gücləndirir.
R.Namazovun sözlərinə görə, “C6” formatında siyasi dialoqun genişlənməsi iqtisadi münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da fəallaşdırır. Bunun nəticəsində iqtisadi-ticari əlaqələr güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir.
Deputat qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi durmadan artır. 2025-ci ildə əmtəə mübadiləsi 50 faizdən çox yüksəlib. Tərəflər arasında sərmayələrin təşviqi istiqamətində görülən işlər də müsbət nəticələr verir, qarşılıqlı investisiya təsisatlarının fəaliyyəti genişlənir.
O bildirib ki, hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalının iştirak etdiyi 400-dən çox şirkət aktiv fəaliyyət göstərir. Bu, ölkədə əlverişli və sağlam sərmayə mühitinin göstəricisidir.
R.Namazovun sözlərinə görə, Azərbaycanla Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış investisiya fondları böyük həcmli kapital təsisatları kimi yeni istehsal sahələrinin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi üçün dayanıqlı maliyyə mənbəyidir.
Deputat vurğulayıb ki, həmin fondların gələcəkdə resurs imkanlarının artırılması və strateji sektorlara investisiyaların yönəldilməsi ikitərəfli və regional layihələrin reallaşdırılmasına şərait yaradacaq. Bu proses, eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında müştərək investisiya xəritəsinin formalaşmasına töhfə verəcək.
Onun fikrincə, regionun ortaq coğrafi üstünlüklərindən istifadə edilməsi, birgə istehsal və emal bloklarının qurulması, rəqabətqabiliyyətli sənaye zonalarının yaradılması qarşılıqlı ticarətin genişlənməsinə və “C6” formatına daxil olan ölkələrin xarici bazarlara yeni brendlərlə çıxışına imkan verəcək.
R.Namazov bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təklif etdiyi “altı iqtisadiyyat – bir məhsul” formulunun reallaşdırılması üçün heç bir maneə yoxdur.
Deputat nəqliyyat layihələrinin də “C6” dövlətləri arasında əməkdaşlığın aparıcı və strateji istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, yeni geosiyasi şəraitdə bu layihələr şaxələnir və regionun nəqliyyat-coğrafi mənzərəsini dəyişir.
O qeyd edib ki, Azərbaycan Xəzər regionunun etibarlı ölkələrindən biri kimi enerji və nəqliyyat əlaqələrinin dərinləşdirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul edir, regionun yeni ticarət qapılarını istifadəyə verir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu Azərbaycanın bu prosesdəki imkanlarını genişləndirir. Nəticədə daşımaların həcmində əhəmiyyətli artım müşahidə olunur.
R.Namazov Orta Dəhlizin də ortaq məqsədlərin simvolu kimi yeni imkanlar açdığını bildirib. Onun sözlərinə görə, ötən il dəhliz üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox artıb, cari ilin ilk səkkiz ayında isə daha 20 faiz yüksəlib. Bu göstəricilər Orta Dəhlizin əhəmiyyətini daha da artırır.
Deputat, həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq potensialının genişləndiyini qeyd edib. O bildirib ki, Qazaxıstan və Özbəkistanla birlikdə “yaşıl enerji” dəhlizi üzərində işlər davam edir, “Rəqəmsal İpək Yolu” layihəsi də irəliləyir.
R.Namazovun sözlərinə görə, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi qlobal bazarda internet trafikinin dayanıqlılığını təmin edəcək yeni resurs yaradacaq.
“Bir sözlə, dövlət başçıları arasında ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimad şəraitində keçirilən görüş təsdiqlədi ki, ‘C6’ formatının geosiyasi əhəmiyyəti daha da artır, sülhün, təhlükəsizliyin, siyasi və iqtisadi sabitliyin təminatında, davamlı nailiyyətlərin əldə edilməsində möhkəm təməllər yaradır”, – deyə deputat bildirib.
O əlavə edib ki, sədrliyin Azərbaycana keçməsi və növbəti Məşvərət Görüşünün 2027-ci ildə ölkəmizdə keçirilməsi dövlətlər arasında mövcud olan dostluq, qardaşlıq və həmrəyliyə yeni təkan verəcək, əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə olacaq.