Bakı. Trend:
İnvestisiya şirkətlərinin maliyyə dayanıqlığının qorunması, risklərə uyğun kapital ehtiyatlarının formalaşdırılması və öhdəliklərin yerinə yetirilməsi üçün davamlı kapital tələbləri müəyyən edilib.
Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Aprelin 1-də qəbul edilən “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda” oktaybrın 16-da qüvvəyə minəcək.
Müvafiq Qaydalar şirkətlərin məcmu kapitalının strukturunu, kapital tələbinin hesablanmasını, risklərin qiymətləndirilməsini və likvid aktivlərə dair tələbləri əhatə edir.
Məcmu kapital hansı tələblərə cavab verməlidir?
Qaydaya əsasən, investisiya şirkətinin məcmu kapitalı onun biznes strategiyasını dəstəkləməli, daxili və xarici mühitdə baş verə biləcək əlverişsiz dəyişikliklər zamanı maliyyə dayanıqlığını təmin etməlidir.
Məcmu kapitala yalnız dəyəri pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir. İnvestisiya şirkətinin nizamnamə kapitalı isə yalnız Azərbaycan Respublikasının milli valyutasında ödənilən pul vəsaiti hesabına formalaşdırılmalıdır. Xarici investisiya şirkətlərinin filialları üçün nizamnamə kapitalına bərabər tutulan vəsaitlər nəzərdə tutulur.
İnvestisiya şirkətləri fəaliyyətləri boyunca həm hesablanmış cəmi kapital tələbini, həm də Mərkəzi Bankın müəyyən etdiyi minimum nizamnamə kapitalını qarşılamaq üçün kifayət qədər məcmu kapitala malik olmalıdırlar.
Məcmu kapitalın cəmi kapital tələbinə və ya minimum nizamnamə kapitalına nisbəti 1,025 həddindən aşağı düşərsə, şirkət bu barədə dərhal Mərkəzi Banka yazılı bildiriş göndərməlidir.
Məcmu kapitalın lazımi səviyyədə saxlanmasına investisiya şirkətinin Müşahidə Şurası və icra orqanı cavabdehdir. Eyni zamanda, şirkətin risklərin idarə edilməsi siyasətində cari və gələcək kapital ehtiyacları, kapitalın arzuolunan səviyyəsi və strukturu, maliyyə vəziyyəti pisləşdikdə əlavə kapitalın cəlb edilməsi imkanları və müddətləri müəyyən olunmalıdır.
Kapitalın strukturu və mənbələri
İnvestisiya şirkətinin məcmu kapitalı I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitaldan formalaşır. Məcmu kapital bu kateqoriyalara daxil olan komponentlərin cəmindən müvafiq tutulmalar çıxılmaqla hesablanır.
I dərəcəli kapitala dövriyyəyə buraxılmış və tam ödənilmiş adi səhmlər, kapital artıqlığı, əvvəlki illərin bölüşdürülməmiş xalis mənfəəti və kapital ehtiyatları daxildir. Bu kapital tutulmalar nəzərə alındıqdan sonra hesablanmış məcmu kapitalın ən azı 50 faizini təşkil etməlidir.
II dərəcəli kapitala cari ilin mənfəəti və kapitalın hibrid elementləri daxil edilir. Bu elementlərə, o cümlədən subordinasiya borc öhdəlikləri və səhmlərlə borc alətlərinin xüsusiyyətlərini birləşdirən maliyyə alətləri aid edilə bilər.
II dərəcəli kapitalın məbləği tutulmalardan sonrakı I dərəcəli kapitalın məbləğindən çox ola bilməz. Bu həddi aşan hissə məcmu kapitalın hesablanmasında nəzərə alınmır.
Hibrid kapital alətlərinin II dərəcəli kapitala daxil edilməsi üçün müəyyən şərtlər mövcuddur. Belə alətlər kreditorların tələbi ilə geri çağırıla bilməməli, şirkət faiz ödənişlərini təxirə salmaq hüququna malik olmalı, öhdəliklər şirkət ləğv edilərkən digər kreditorların tələbləri tam ödənildikdən sonra icra edilməli və şirkətin aktivləri ilə təmin olunmamalıdır.
Bu alətlər üzrə əsas borcun ödəniş müddəti onların yaranma tarixindən ən azı 5 il sonra müəyyən edilməli və ya müddətsiz olmalıdır. Ödəniş müddətinin başa çatmasına 5 il qaldıqda hibrid elementlərin kapitalda nəzərə alınan məbləği hər il 20 faiz azaldılır.
Məcmu kapital hesablanarkən geri alınmış adi səhmlər, qeyri-maddi aktivlərin amortizasiya nəzərə alınmaqla xalis dəyəri, təxirə salınmış vergi aktivləri, maliyyə ili üzrə zərərlər, habelə ticarət portfelində əks olunmayan törəmə müəssisələrə və digər hüquqi şəxslərin kapitalına investisiyalar çıxılır.
Davamlı kapital tələbi necə hesablanır?
İnvestisiya şirkətlərinin davamlı kapital tələbi onların fəaliyyət kateqoriyasına uyğun müəyyən edilir.
Ötən təqvim ili üzrə müştəri aktivləri istisna olmaqla, aktivlərinin bazar dəyəri ilə hesablanmış ümumi məbləğinin ədədi ortası 50 milyon manatdan çox olan və qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi, anderraytinqi və ya mərkəzi depozitarın və fond birjasının üzvü kimi öz hesabına qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması xidmətlərindən ən azı birini göstərən şirkətlər I kateqoriyalı investisiya şirkətləri hesab edilir.
Bu kateqoriyaya daxil olmayan digər investisiya şirkətləri II kateqoriyalı şirkətlər kimi təsnifləşdirilir.
I kateqoriyalı şirkətlərin davamlı kapital tələbi kredit, bazar, əməliyyat, hesablaşma və kontragent, habelə konsentrasiya riskləri üzrə hesablanmış kapital tələblərinin cəminə bərabərdir.
II kateqoriyalı şirkətlər üçün isə davamlı kapital tələbi aşağıdakı göstəricilərdən ən böyüyü əsasında müəyyən edilir:
Nizamnamə kapitalının minimum məbləği; Audit olunmuş illik maliyyə hesabatları əsasında hesablanmış əməliyyat və inzibati xərclərin 25 faizi; K-faktor tələbləri.K-faktor tələbi investisiya şirkətinin müştərilər, bazar və öz fəaliyyəti ilə əlaqədar məruz qaldığı riskləri qarşılamaq üçün saxlamalı olduğu minimum kapital məbləğini ifadə edir.
Risklərə uyğun kapital ehtiyatları
Qaydalarda kredit riskinin hesablanması zamanı aktivlərin risk xüsusiyyətlərinə uyğun kateqoriyalara bölünməsi və hər kateqoriya üzrə risk çəkisinin müəyyən edilməsi nəzərdə tutulur. Kredit riski üzrə kapital tələbi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8 faizi həcmində hesablanır.
Aktivlərin risk çəkiləri onların xüsusiyyətlərindən və kredit keyfiyyətindən asılı olaraq dəyişir. Müvafiq risk qrupları üzrə 0 faiz, 20 faiz, 50 faiz, 100 faiz və 150 faiz risk çəkiləri müəyyən edilib.
Belə ki, Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bankın buraxdığı qiymətli kağızlar və müəyyən şərtlərlə dövlət təminatı ilə əhatə olunan aktivlər 0 faizli risk qrupuna daxil edilə bilər. Fondun təmin edilməmiş qiymətli kağızları, bələdiyyə istiqrazları və ölkədə kütləvi təklif olunaraq tənzimlənən bazarda ticarətə buraxılmış istiqrazlar 20 faizli risk qrupuna aid edilir.
Müəyyən iri dövlət şirkətlərinin müvafiq kredit reytinqinə malik qiymətli kağızları üçün 50 faiz, bəzi istiqrazlar, səhmlər və digər aktivlər üçün 100 faiz, təxirə salınmış aktivlər, yüksək riskli aktivlər və birjada listinqə daxil edilməmiş emitentlərin səhmləri üçün isə 150 faiz risk çəkisi tətbiq olunur.
Digər aktivlər üzrə də ayrıca risk çəkiləri nəzərdə tutulur. Məsələn, qızıl ehtiyatları üçün 0 faiz, debitor borcları üçün 20 faiz, verilmiş avanslar, qazanılmamış hesablanmış gəlir, daşınmaz əmlak və avadanlıqlar üçün isə 100 faiz risk çəkisi müəyyən edilib.
Konsentrasiya riskinə nəzarət
Qaydalarda investisiya şirkətinin risklərinin ayrı-ayrı müştərilər, müştəri qrupları və kontragentlər üzrə həddindən artıq cəmləşməsinin qarşısının alınmasına da xüsusi yer ayrılıb.
Konsentrasiya riski şirkətin məcmu kapitalının əhəmiyyətli hissəsini təşkil edən aktiv və öhdəliklərin müəyyən müştəriyə və ya əlaqəli kontragentlərə qarşı cəmləşməsi nəticəsində yaranır.
İnvestisiya şirkətinin maliyyə institutları istisna olmaqla, fərdi müştəriyə, müştəri qrupuna və ya kontragentə qarşı konsentrasiya riskinin limiti məcmu kapitalın 25 faizini keçdikdə əlavə kapital tələbi hesablanır. Maliyyə institutlarına qarşı konsentrasiya riskinin limiti isə məcmu kapitalın 100 faizindən çox ola bilməz.
Ayrı-ayrı müştəriyə, müştəri qrupuna və ya kontragentə qarşı kapital tələbi I dərəcəli kapitalın 10 faizini keçdikdə investisiya şirkəti müvafiq məlumatları Mərkəzi Banka təqdim etməlidir. Bu məlumatlara müştərinin və ya müştəri qrupunun müəyyənləşdirilməsi, riskin dəyəri və tətbiq edildiyi halda kredit riskinin azaldılması tədbirləri barədə məlumatlar daxildir.
Konsentrasiya riskinin məcmu kapitalın 25 faizi həddini keçməsi barədə Mərkəzi Banka ən geci 2 iş günü ərzində yazılı bildiriş göndərilməlidir. Bildirişdə limitin aşılma səbəbləri, buna səbəb olan mövqelər və riskin azaldılması üçün nəzərdə tutulan tədbirlər göstərilməlidir.
Ticarət kitabında limitdən artıq riskin 10 iş günü və ya daha az davam etdiyi hallarda konsentrasiya riski üzrə əlavə kapital tələbi müvafiq spesifik risk və ya kontragent riski üzrə kapital tələbinin 200 faizi həcmində müəyyən edilir. Riskin 10 iş günündən çox davam etməsi halında isə əlavə kapital tələbi Qaydanın müvafiq əlavəsinə əsasən hesablanır.
Likvid aktivlərə dair tələblər
İnvestisiya şirkətləri maliyyə öhdəliklərini vaxtında yerinə yetirmək imkanlarını qorumaq üçün müəyyən həcmdə likvid aktivlər saxlamalıdırlar.
Qaydaya əsasən, şirkətin likvid aktivlərinin həcmi əvvəlki il üzrə audit olunmuş maliyyə hesabatları əsasında hesablanmış əməliyyat və inzibati xərclərinin ən azı üçdə birinə bərabər olmalıdır.
Likvid aktivlərə şirkətin kassalarında, nümayəndəlik və filiallarında, yerli və xarici banklarda, eləcə də digər maliyyə təşkilatlarında saxlanılan pul vəsaitləri daxildir. Azərbaycan Respublikasının dövlət istiqrazları, Mərkəzi Bankın qiymətli kağızları, müəyyən reytinq tələblərinə cavab verən xarici dövlətlərin və mərkəzi bankların qiymətli kağızları, təminatlı qiymətli kağızlar və müəyyən kredit reytinqinə malik korporativ borc qiymətli kağızları da likvid aktivlər hesab olunur.
Likvid aktivlərin hesablanması zamanı onların hesabat tarixinə olan bazar dəyəri nəzərə alınır.
Kateqoriyanın müəyyən edilməsi və uyğunlaşma müddəti
İnvestisiya şirkətləri Qayda qüvvəyə mindikdən sonra 3 ay ərzində davamlı kapital tələbini müəyyən etməlidirlər.
Bundan başqa, hər təqvim ilinin ilk ayında şirkətlər öz kateqoriyalarını yenidən qiymətləndirməli, müəyyən edilmiş kateqoriya barədə dərhal Mərkəzi Bankı məlumatlandırmalı və təqvim ilinin ilk rübü ərzində həmin kateqoriyanın tələblərinə tam uyğunluğu təmin etməlidirlər.
Kateqoriyanın dəyişməsi nəticəsində cəmi kapital tələbinin ilk dəfə azalması halında, növbəti qiymətləndirmə zamanı şirkətin yeni kateqoriyaya keçirilməsinə yol verilmir. Növbəti təqvim ili üzrə qiymətləndirmənin nəticəsi də əvvəlki illə eyni olduqda isə kapital tələbinin azalmasından asılı olmayaraq yeni kateqoriyaya keçidə icazə verilir.
Bu halda şirkət yeni kateqoriyanın tələblərinə təqvim ilinin ilk rübü ərzində tam uyğunlaşmalıdır.