Bakı. Trend:
Azərbaycan Türkmənistanla iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, xüsusilə qeyri-neft-qaz məhsulları üzrə ticarət əməkdaşlığının gücləndirilməsinə və ticarət dövriyyəsinin artırılmasına xüsusi önəm verir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı ölkəmizin Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistanla iqtisadi əlaqələrinin inkişafına diqqət çəkib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 208 milyon dollar təşkil edib. Həmin dövrdə Azərbaycana Türkmənistandan 114,5 milyon dollar dəyərində məhsul idxal olunub, qardaş ölkəyə ixracat isə 63,8 milyon dollar təşkil edib.
V.Bayramov qeyd edib ki, ötən il Azərbaycan Türkmənistanla 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib.
Deputatın sözlərinə görə, Türkmənistandan idxalın strukturunda enerji məhsulları üstünlük təşkil edir. Belə ki, 2025-ci ildə qardaş ölkədən 36,4 milyon dollar dəyərində təbii qaz, 12,5 milyon dollar dəyərində reaktiv mühərriklər üçün kerosin yanacağı, 7,7 milyon dollar dəyərində ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar idxal edilib.
Bundan başqa, Azərbaycana emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevirmələr üçün 7,4 milyon dollar dəyərində maye yanacaq, 2,3 milyon dollar dəyərində mineral və ya kimyəvi azot gübrələri, 1,4 milyon dollar dəyərində isə emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevirmələr üçün sürtkü yağları gətirilib. Eyni zamanda, Türkmənistandan digər məhsullar da idxal olunub.
V.Bayramov bildirib ki, Azərbaycandan Türkmənistana ixrac edilən məhsullar arasında emaledici kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir.
Belə ki, ötən il Azərbaycan Türkmənistana 22,4 milyon dollar dəyərində ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza, 7,8 milyon dollar dəyərində dəmirdən və ya aşqarlanmamış poladdan alınmış məhsullar, 3,9 milyon dollar dəyərində pambıq lifi, 1,8 milyon dollar dəyərində qara metallardan alınan konstruksiyalar, 931 min dollar dəyərində kərə yağı və digər məhsullar ixrac edib.
Deputat vurğulayıb ki, digər qardaş türk dövlətləri ilə olduğu kimi, Türkmənistanla da ticarət dövriyyəsinin daha da artırılması prioritet istiqamətlərdəndir.
“Əsas hədəf qeyri-neft-qaz məhsulları üzrə ticari əməkdaşlığı gücləndirməkdir”, – deyə V.Bayramov əlavə edib.