Bakı. Trend:
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialı mövcud infrastruktur imkanları tam formalaşdıqdan sonra 10 milyard dolları ötə bilər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türk Dünyası Tarım Birliyinin sədri Doğan Başaran cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqrobiznes Forumunda deyib.
O bildirib ki, Azərbaycan Türk dövlətləri arasında kənd təsərrüfatı məhsullarının ticarətinin təşkili, əlaqələndirilməsi və koordinasiyası baxımından mühüm mövqeyə malikdir. “Azərbaycan Türk dövlətlərinin aqrar potensialının ticarətində ən mühüm açar ölkələrdən biridir. Ticarətin birləşməsi, kəsişməsi və koordinasiyasında çox vacib missiyaya sahibdir”, - deyə o qeyd edib.
D.Başaranın sözlərinə görə, Türk dövlətlərinin aqrar sahədəki potensialı əsrlər boyu formalaşmış kənd təsərrüfatı və istehsal ənənələrinə əsaslanır. Türk Dövlətləri Təşkilatının hesabatlarına əsasən, ümumilikdə 180 milyon nəfərin yaşadığı bu coğrafiyada 50 milyondan çox insan kənd yerlərində yaşayır, 8 milyondan çox insan isə fermerliklə məşğul olur.
O vurğulayıb ki, Türk dövlətlərinin qarşısında duran əsas vəzifələrdən biri ərzaq müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, eləcə də birgə istehsal modellərinin inkişaf etdirilməsidir.
“Biz qlobal güclərin asılı təchizatçısına çevrilməməliyik. Türk dövlətlərinin ortaq istehsal gücünü, nar, fındıq və digər məhsullar üzrə əlavə dəyər yaradan istehsal imkanlarını birləşdirərək qlobal ərzaq təminatında mühüm rol oynayan ölkələrə çevrilməliyik”, - deyə o bildirib.
Birlik sədri qeyd edib ki, Türkiyə kənd təsərrüfatı sahəsində topladığı təcrübə, texnoloji biliklər və illik 35 milyard dollardan çox ixrac göstəricisi ilə Azərbaycan və Özbəkistan kimi ölkələr üçün əhəmiyyətli əməkdaşlıq imkanları yaradır.
Onun sözlərinə görə, forumda iştirak edən Türkiyənin 20-dən çox şirkətinin nümayəndələri Azərbaycanda əməkdaşlıq və birgə investisiya imkanlarını nəzərdən keçirmək niyyətindədirlər.
D.Başaran Azərbaycanın aqrar ixrac potensialının artırılması üçün infrastruktur layihələrinin əhəmiyyətinə də toxunub. O bildirib ki, ölkənin kənd təsərrüfatı məhsullarının ixracı hazırda 1,2 milyard dollar təşkil etsə də, infrastruktur imkanlarının tam formalaşması ilə bu göstəricini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
“Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı 1,2 milyard dollar olsa da, hesablamalarımız göstərir ki, infrastruktur tam formalaşdıqda ölkənin 10 milyard dollardan çox ixrac potensialı var”, - deyə o vurğulayıb.
O, həmçinin Türkiyənin kənd təsərrüfatı məhsullarının ixracının yaxın perspektivdə 50 milyard dolları ötəcəyini gözlədiyini bildirib.
D.Başaranın fikrincə, bu hədəflərə çatmaq üçün ortaq əməkdaşlıq imkanlarından və maliyyə resurslarından səmərəli istifadə edilməlidir. Birlik sədri Azərbaycanın nəqliyyat və logistika imkanlarının Türk dövlətləri arasında aqrar ticarətin genişləndirilməsi baxımından əhəmiyyətini də qeyd edib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi, Şərqi Zəngəzurda həyata keçirilən layihələr və regionun nəqliyyat infrastrukturunun inkişafı məhsulların beynəlxalq bazarlara çıxarılmasına əlavə imkanlar yarada bilər.
“Türk dövlətləri Çindən Londona qədər uzanan avtomobil və dəmir yolu marşrutları üzərində yerləşir. Dünyada baş verən böhranlar, boğazlardakı problemlər və ərzaq qiymətlərinə təsir edən çətinliklər fonunda bu nəqliyyat dəhlizləri böyük potensiala malikdir”, - deyə o bildirib.
D.Başaran əlavə edib ki, aqrar ixracın artırılması yalnız ticarət dövriyyəsinin genişlənməsinə deyil, həm də ölkələrin rifahının yüksəlməsinə və fermerlərin inkişafına xidmət edir. Bu baxımdan fermerlərin müasir texnologiyalarla təmin edilməsi, gənclərin kənd təsərrüfatına cəlb olunması və aqrar innovasiya mərkəzlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
O, Türk dövlətlərinin kənd təsərrüfatı sahəsindəki üstünlüklərinin birləşdirilməsinin vacibliyini vurğulayaraq, Qazaxıstanın taxılını, Özbəkistanın pambığını, Azərbaycanın narını və Türkiyənin aqrar təcrübəsini ortaq istehsal və investisiya imkanlarının əsas istiqamətləri kimi səciyyələndirib.
“Biz "Birlikdə istehsal edək" prinsipinə inanırıq. Əminik ki, Türk dövlətlərinin imkanlarının birləşdirilməsi kənd təsərrüfatında daha böyük nəticələr əldə etməyə şərait yaradacaq”, - deyə o qeyd edib.
D.Başaran gələn il keçiriləcək Xəzər Aqrobiznes tədbiri çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin, beynəlxalq aqrar mütəxəssislərin iştirakı ilə ortaq investisiya imkanlarının müzakirəsinin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.