Bakı. Trend:
Azərbaycanda aqrar sektorun inkişafı üçün istehsal və emal imkanlarının genişləndirilməsi, ixrac potensialının artırılması, müasir texnologiyaların tətbiqi və investisiyaların təşviqi istiqamətində bizneslə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Zaur Kərimov cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqrobiznes Forumunda deyib.
O bildirib ki, aqrar sektor Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, tarixində, mədəniyyətində və ənənələrində də xüsusi yer tutur. Bu sahənin mövcud potensialının reallaşdırılması üçün dövlət qurumlarının, özəl sektorun və digər maraqlı tərəflərin birgə fəaliyyəti genişləndirilməlidir.
“Azərbaycanın aqrar sahədə böyük potensialı var və bu potensialın daha da inkişaf etdirilməsi üçün dövlət qurumları, biznes nümayəndələri və digər maraqlı tərəflərin daha sıx əməkdaşlığı vacibdir. Azərbaycanın bu forumda tərəfdaş kimi iştirakı da məhz bu yanaşmadan irəli gəlir”, - deyə Z.Kərimov qeyd edib.
Onun sözlərinə görə, 2028-ci ilədək olan strateji gündəlikdə ərzaq və aqrar sektorun dayanıqlı inkişafı əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu baxımdan biznes nümayəndələrinin təkliflərinin nəzərə alınması, sahibkarların üzləşdiyi çətinliklərin aidiyyəti dövlət qurumları ilə birgə müzakirəsi və onların həlli üçün praktiki mexanizmlərin hazırlanması mühüm əhəmiyyət daşıyır.
Z.Kərimov son günlər müxtəlif biznes assosiasiyaları, şirkətlər və aqrar sektor nümayəndələri ilə görüşlər keçirdiyini, bu müzakirələrin Azərbaycanda aqrobiznesin inkişafı üçün geniş imkanların olduğunu bir daha göstərdiyini bildirib.
“Bu görüşlər mənə bir daha göstərdi ki, aqrobiznes Azərbaycanda həm çox perspektivli, həm də inkişaf üçün böyük imkanlara malik sahədir. Düşünürəm ki, qarşımızda istehsal, emal, logistika, ixrac, texnologiyalar, innovasiya və investisiya sahələrində inkişaf etdirə biləcəyimiz kifayət qədər geniş imkanlar var”, - deyə o vurğulayıb.
Palatanın icraçı direktoru hesab edir ki, aqrar sektorda daha böyük nəticələr əldə etmək üçün mövcud imkanlardan səmərəli istifadə edilməli, biznes subyektləri arasında əməkdaşlıq gücləndirilməli və yeni investisiya layihələrinin həyata keçirilməsi təşviq olunmalıdır.
O qeyd edib ki, III Beynəlxalq Aqrobiznes Forumu müxtəlif ölkələrdən və sektorlardan olan sahibkarların, investorların və digər maraqlı tərəflərin bir araya gəlməsi, yeni işgüzar əlaqələrin qurulması və birgə təşəbbüslərin müzakirəsi baxımından əhəmiyyətli platformadır.
Z.Kərimov bildirib ki, “AmCham Azərbaycan” üzvlərinin təcrübəsi və yeni yaradılmış Qida və Kənd Təsərrüfatı Komitəsinin fəaliyyəti ilə aqrar sektorun inkişafına töhfə verməyə hazırdır.
Z.Kərimov forumun gələcəkdə də davam etdirilməsinin, biznes nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinin və aqrar sahədə yeni layihələrin təşviqinin vacibliyini vurğulayıb.
O, növbəti Aqrobiznes Forumunun Qarabağda keçirilməsini təklif edərək “AmCham Azərbaycan”ın bu təşəbbüsə dəstək göstərməyə hazır olduğunu bildirib.
“Arzu edirəm ki, uğurlarınız davamlı olsun. Təklif edərdim ki, növbəti Aqrobiznes Forumu bizim gözəl Qarabağ torpaqlarımızda keçirilsin. Bunun üçün Amerika Ticarət Palatası olaraq hər cür dəstək göstərməyə hazırıq”, - deyə o qeyd edib.