Bakı. Trend:
Belçika universitetləri hər il onlarla, hətta yüzlərlə azərbaycanlı tələbə qəbul edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakıda keçiriləcək “Study in Europe – Avropada Təhsil” sərgisinə həsr olunan brifinqdə çərşənbə günü Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon deyib.
Səfir bildirib ki, Belçika kiçik ölkə olsa da, güclü universitet sisteminə malikdir. O, Löven Katolik Universiteti, Gent Universiteti, Antverpen Universiteti və Brüssel Universitetində geniş ixtisas seçimi, təhsil və tədqiqat imkanlarının olduğunu vurğulayıb.
Julyen de Freponun sözlərinə görə, Azərbaycanda Belçika universitetlərinin məzunlarından ibarət fəal şəbəkə də mövcuddur və səfirlik bu şəbəkənin fəaliyyətini dəstəkləyir.
“Belçikada təhsil almaq akademik imkanlardan daha geniş təcrübə qazandırır. Biz çoxdilli və beynəlxalq mühit təklif edirik. Belçikada təhsil alarkən Avropa İttifaqı təsisatlarına, NATO-ya, çoxsaylı beynəlxalq şirkət və qurumlara yaxın olursunuz. Düşünürəm ki, bu da təhsil təcrübəsini zənginləşdirir”, – deyə səfir qeyd edib.
O əlavə edib ki, Belçikanın inkişaf etmiş nəqliyyat əlaqələri tələbələrə Avropanın digər ölkələrinə rahat səfər etmək imkanı verir.
Səfir bildirib ki, sərgidə Belçika səfirliyi ölkədəki təhsil imkanları barədə məlumat təqdim edəcək. UCLL Tətbiqi Elmlər Universitetinin nümayəndələri də tədbirdə şəxsən iştirak edəcəklər.
Julyen de Frepon azərbaycanlı gəncləri sərgiyə qatılmağa və Belçikada təhsil imkanları ilə tanış olmağa dəvət edib.