Bakı. Trend
"Tesla" və "SpaceX" şirkətlərinin səhmlərinin oktyabrın 5-də ticarət sessiyasının açılışından sonra bahalaşması fonunda İlon Maskın sərvəti yenidən 1 trilyon dolları keçib.
Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata əsasən, Maskın sərvəti 1 trilyon dollara çatıb və oktyabrın 2-si ilə müqayisədə 30,6 milyard dollar artıb. Mask dünyanın ən varlı insanı olaraq qalır və sərvəti 371,5 milyard dollar qiymətləndirilən ikinci yerdəki Ceff Bezosu əhəmiyyətli dərəcədə qabaqlayır.
Mask ilk dəfə iyun ayında “SpaceX” şirkətinin “Nasdaq” birjasında yerləşdirilməsindən sonra trilyonçu olub. Lakin bir neçə gün sonra “SpaceX” və “Tesla” səhmlərinin ucuzlaşması nəticəsində bu statusunu itirib. Son günlər hər iki şirkətin səhmlərinin bahalaşması sayəsində onun sərvəti yenidən 1 trilyon dollar həddinə yaxınlaşıb. Yalnız oktyabrın 2-də “Tesla”nın üçüncü rüb üzrə tədarük həcminin analitiklərin gözləntilərini üstələməsindən sonra Maskın sərvəti 61 milyard dollar artıb.