Bakı. Trend:
Məkkə Sazişinin iştirakçısı olan ölkələr (Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan) birgə müdafiə üzrə öhdəliklərin praktiki icrasına dərhal keçmək və hərbi qüvvələri Səudiyyə Ərəbistanı ərazisində yerləşdirmək barədə qərar qəbul ediblər.
Bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin dərc etdiyi ittifaq komitəsinin fövqəladə iclasının yekunlarına dair birgə bəyanatda bildirilib.
“Komitə birgə müdafiə üzrə öhdəliklərin praktiki icrasına dərhal keçmək, razılaşdırılmış silahlı qüvvə və hərbi imkanların təmin edilməsi üçün zəruri tədbirləri görmək, habelə onların krallıq ərazisində mümkün qədər tez yerləşdirilməsi barədə qərar qəbul edib”, - deyə sənəddə qeyd olunub.
Qeyd edilib ki, qoşunların köçürülməsi iştirakçı ölkələrin milli qanunvericiliyinə uyğun olaraq döyüş hazırlığının, hərbi inteqrasiyanın və təhdidlərə qarşı kollektiv mübarizə imkanlarının artırılması məqsədilə həyata keçiriləcək. Bəyanatda vurğulanır ki, hər bir dövlətin təhlükəsizliyi “üç ölkənin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsidir”.
Üç ölkə arasında imzalanmış müqavilənin müvafiq maddələrinin işə salınmasına səbəb Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husilərinin Səudiyyə Ərəbistanına qarşı hücumlarının intensivləşməsi olub. Krallığın müdafiə naziri Xalid bin Salman Al Səudun sözlərinə görə, ittifaqın iştirakçıları “bu hücumlarla və onların arxasında duran bütün qüvvələrlə bağlı kollektiv çəkindirmə mexanizmini işə salmaq” barədə razılığa gəliblər.