Bakı. Trend:
Qazaxıstanda Xəzər dənizində keçirilən təlimlər zamanı 14 hərbçinin faciəvi şəkildə həlak olması ilə bağlı iş üzrə 5 nəfər saxlanılıb. Respublika Prezidenti Kasım-Jomart Tokayev bütün təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edib və məsələni şəxsi nəzarətə götürüb.
Bu barədə ölkə liderinin keçirdiyi müşavirənin yekunlarına dair prezidentin mətbuat xidməti məlumat yayıb.
“Müvafiq qərarlar çərçivəsində ilk kadr addımlarının atıldığını vurğulayan qazaxıstanlı dövlət başçısı hərbçilərin ölümündə təqsirli olan bütün vəzifəli şəxslərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməli olduğunu bildirib. Bu məsələ prezidentin şəxsi nəzarətindədir. (...) Komandanlıq heyətinin cinayətkar səhlənkarlığı faktları ilə bağlı məhkəməyədək araşdırma davam edir. Beş vəzifəli şəxs həbs edilib”, - deyə məlumatda bildirilir.
Xatıraldaq ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizi sahilində keçirilən təlimlər zamanı 17 hərbçi dənizə sürüklənib. Onlardan 14-ü həlak olub, 3 nəfər isə xilas edilib. Hadisədən sonra Tokayev Müdafiə Nazirliyində yoxlama aparılması barədə tapşırıq verib, həmçinin müdafiə nazirini və Baş Qərargah rəisini dəyişib, Hərbi Dəniz Qüvvələrinin baş komandanını isə vəzifəsindən azad edib. Hadisə ilə bağlı cinayət işi araşdırılır.