Bakı.Trend:
Bu il magistraturada 195 tələbə ödənnişsiz təhsil almaq hüququ əldə edib.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.
Xatırladaq ki, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.