Bakı. Trend:
Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
İclasda ticarət-iqtisadi, energetika, səhiyyə, kənd təsərrüfatı, kibertəhlükəsizlik, qida təhlükəsizliyi, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması və sənədlərin imzalanması nəzərdə tutulur.
Xatırladaq ki, komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvardır.
Qeyd edək ki, Azərbaycan ilə Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əvvəlki iclasları növbəli şəkildə Bakı və Londonda keçirilib.
Belə ki, Komissiyanın 7-ci iclası 30 aprel 2025-ci ildə Londonda keçirilib. İclasın yekunlarına dair Protokol imzalanıb və Komissiyanın 8-ci iclasının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib. Həmin iclasda Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən isə Böyük Britaniyanın Biznes və Ticarət Departamentində dövlət katibinin parlament məsələləri üzrə müavini, xidmətlər, kiçik biznes və ixrac üzrə nazir Jacet Tomas iştirak edib.
Komissiyanın 6-cı iclası 7 dekabr 2023-cü ildə Bakıda keçirilib. İclasın yekunlarına dair protokol imzalanıb və növbəti, 7-ci iclasın Londonda keçirilməsi razılaşdırılıb. 6-cı iclasda Azərbaycanı Pərviz Şahbazov, Böyük Britaniyanı isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixrac naziri Malkolm Offord təmsil edib
Bundan əvvəl Komissiyanın 5-ci iclası 14 iyun 2022-ci ildə Londonda keçirilib. İclasın yekunlarına dair protokol imzalanıb və 6-cı iclasın Bakıda keçirilməsi barədə razılıq əldə olunub. Həmin iclasda Azərbaycan tərəfindən Pərviz Şahbazov, Böyük Britaniya tərəfindən isə ixrac naziri Mayk Freer iştirak edib.
Komissiyanın 4-cü iclası 20 may 2021-ci ildə Bakıda keçirilib. İclasın sonunda bir sıra sənədlər və yekunlara dair Protokol imzalanıb, 5-ci iclasın Londonda keçirilməsi barədə razılıq əldə olunub. Azərbaycan tərəfini Pərviz Şahbazov, Böyük Britaniya tərəfini isə Dövlət Katibinin Parlament nümayəndəsi, ixrac naziri Qrem Styuart təmsil edib.
Komissiyanın 3-cü iclası isə 22 may 2019-cu ildə Londonda keçirilib. İclasın yekunlarına dair protokol imzalanıb. Həmin iclasda Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfindən isə ticarət siyasəti üzrə dövlət naziri Corc Hollinberi iştirak edib.
Beləliklə, oktyabrın 6-da Bakıda keçiriləcək 8-ci iclas Azərbaycan–Böyük Britaniya iqtisadi əlaqələrinin müxtəlif istiqamətlər üzrə gündəliyinin müzakirə ediləcəyi növbəti hökumətlərarası platforma olacaq.