Bakı. Trend:
Müstəqil Azərbaycanın müasir siyasi və iqtisadi sisteminin təməllərinin atılması ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən ən mühüm tarixi hadisələrdən biridir. 1993-cü ilin payızında ölkə rəhbərliyində baş verən dəyişikliklər dərin siyasi böhranın qarşısını alaraq uzunmüddətli strateji hədəflərin, milli həmrəyliyin və qlobal məkana inteqrasiyanın əsasını qoydu.
Milli Məclisin deputatı Kamal Cəfərov 1993-cü il 3 oktyabr tarixinin ictimai-siyasi əhəmiyyətini Trend-ə şərh edərək bildirib ki, bugünkü dayanıqlı inkişaf modeli məhz o dövrdə atılan qətiyyətli addımların məntiqi nəticəsidir:
“1990-cı illərin əvvəllərində ölkəmiz idarəetmə böhranı, özbaşınalıq və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. AXC-Müsavat blokunun yaratdığı xaos dövlətimizin mövcudluğunu uçurumun kənarına gətirmiş, ərazilərimizin işğalına zəmin yaratmışdı. Lakin xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və ardınca prezident seçilməsi dərin tənəzzülün qarşısını aldı. Ölkədə qısa müddətdə daxili sabitliyin bərpası və qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi dövlətçiliyimizin birbaşa xilası demək idi. Biz bu gün həmin nizam-intizamın bəhrəsini görürük. Siyasi və iqtisadi suverenliyimizin təmin edilməsi məhz həmin dövrdə formalaşan iradənin, peşəkar və uzaqgörən idarəetmənin nəticəsidir”.
Deputat əlavə edib ki, ölkədə ictimai-siyasi sabitlik bərqərar olduqdan sonra həyata keçirilən yeni iqtisadi kurs Azərbaycanın beynəlxalq arenada mövqeyini köklü şəkildə dəyişib:
“Daxili böhran aradan qaldırıldıqdan dərhal sonra xarici investisiyaların ölkəyə cəlb edilməsi üçün etibarlı mühit formalaşdırıldı. Müasir və liberal iqtisadi modelin, eləcə də uğurlu neft strategiyasının tətbiqi sayəsində Azərbaycan qlobal iqtisadi sistemə inamla daxil ola bildi. Eyni zamanda həyata keçirilən balanslı xarici siyasət nəticəsində gənc respublika dünyanın aparıcı dövlət və təşkilatlarının diqqətini cəlb edərək beynəlxalq aləmdə suveren iştirakçıya çevrildi. Bütün bu fəaliyyətlər ölkəmizin müstəqilliyini sığortalamaqla yanaşı, ərazi bütövlüyümüzlə bağlı haqq səsimizin beynəlxalq müstəvidə müdafiə olunması üçün güclü baza yaratdı”.
Kamal Cəfərov demokratik təsisatların inkişafı və azərbaycançılıq ideologiyasının cəmiyyətin həmrəyliyindəki rolu barədə də fikirlərini bölüşüb:
“Müstəqil dövlətimizin ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirən real siyasi amilə çevrildi. Ölkəmizin demokratik, hüquqi və dünyəvi inkişaf yolunu seçməsi insan hüquqlarını və hakimiyyət bölgüsünü prioritet elan edən ilk milli Konstitusiyamızın qəbulu ilə tarixi təsdiqini tapdı. Həmin dövrdə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğvi, məhkəmə islahatları, vətəndaş cəmiyyəti quruculuğu və cinayətkarlığa qarşı barışmaz mübarizə kimi fundamental islahatlar cəmiyyətimizin bugünkü hüquqi simasını müəyyənləşdirdi. Heydər Əliyevin vaxtilə qətiyyətlə bəyan etdiyi kimi, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır”.
