Bakı.Trend:
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) rəhbərliyi ilə tədqiqatlar və təhsil sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə edib.
Trend xəbər verir ki, görüş Elçin Əmirbəyovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində keçirilib.
Görüş zamanı Azərbaycan ali təhsil müəssisələri və beyin mərkəzləri ilə qarşılıqlı maraq doğuran tədqiqat və təhsil proqramları üzrə əməkdaşlığın davam etdirilməsi imkanları müzakirə olunub.
Görüşdə GCSP-nin icraçı direktoru, səfir Tomas Qreminqer də iştirak edib.
Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi təhlükəsizlik, sülh və diplomatiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq təhsil və tədqiqat təşkilatıdır. Mərkəz diplomatlar, hərbçilər və mülki mütəxəssislər üçün təhsil proqramları həyata keçirir, həmçinin beynəlxalq təhlükəsizliyin aktual məsələləri üzrə dialoq platformaları və tədqiqatlar təşkil edir.



