Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişinlərin maraqlarını qorumaq və mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir. Bəs yeni qaydalar nələri nəzərdə tutur, Azərbaycan və xarici ölkə vətəndaşları şəxsi kabinetlərini necə təsdiqləməli və bilet almaq üçün hansı addımları atmalıdırlar?
Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Dəmir Yollarının Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet satışında tətbiq etdiyi yeni verifikasiya mexanizmi kibertəhlükəsizlik baxımından diqqətçəkən addımdır.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının şəxsi kabinetlərinin mygov ID vasitəsilə, xarici vətəndaşların isə telefon nömrəsinə göndərilən OTP kodla təsdiqlənməsi istifadəçinin real şəxsiyyətinin daha etibarlı müəyyənləşdirilməsinə imkan verir:
“Belə mexanizmlərin əsas üstünlüklərindən biri saxta hesabların, avtomatlaşdırılmış kütləvi bilet alışlarının və mümkün sui-istifadə hallarının qarşısının alınmasına kömək etməsidir. Eyni zamanda, şəxsiyyət məlumatlarının hansı həcmdə toplandığı, necə saxlanıldığı, kimlərin çıxışına açıq olduğu və məlumatların qorunması üçün hansı texniki təhlükəsizlik tədbirlərinin tətbiq edildiyi də mühüm məsələlərdəndir”.
Ə.Mövsümzadə vurğulayıb ki, rəqəmsal xidmətlərdə təhlükəsizlik yalnız verifikasiya ilə məhdudlaşmır. Güclü identifikasiya mexanizmi ilə yanaşı, toplanan məlumatların zəruri minimumla məhdudlaşdırılması, şifrələnməsi, məlumatlara girişlərin audit edilməsi, OTP kodlardan sui-istifadəyə qarşı qorunma və hesabların ələ keçirilməsinin qarşısının alınması da vacibdir.
“Bu baxımdan Azərbaycan Dəmir Yollarının yeni yanaşması həm istifadəçi identifikasiyası, həm də onlayn bilet sistemlərində sui-istifadənin azaldılması istiqamətində müzakirə olunmağa dəyər bir nümunədir. Əsas məsələ isə təhlükəsizlik və istifadəçi məxfiliyi arasında düzgün balansın qorunmasıdır”, – deyə o əlavə edib.
Qeyd edək ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər. FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq. Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir.
Xarici ölkə vətəndaşları isə vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləmə etməlidirlər.