Bakı. Trend:
Yaponiya hökuməti 2030-cu maliyyə ilində (2030-cu ilin aprelində başlayacaq) yeni ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.
Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Bunlar şərti düşmənin gəmilərini məhv etmək üçün nəzərdə tutulan uzaqmənzilli qanadlı raketlərdir. Yeni strategiyanın müəlliflərinin bu raketlərə həvalə etdiyi vəzifələrdən biri düşmənin raketdən müdafiə sistemini həddən artıq yükləmək və hədəflərin məhv edilməsi ehtimalını artırmaqdır.
Xüsusilə, ehtimal olunur ki, raketlərin istehsalı zamanı xüsusiyyətləri ənənəvi olaraq hərbi təyinatlı avadanlıqlardan daha aşağı olan mülki təyinatlı kameralar istifadə edilə bilər. Yaponiya hökumətinin planına əsasən, bu raketlər Yaponiyanın Type-25 uzaqmənzilli raketlərini və ABŞ-nin “Tomahawk” raketlərini tamamlayacaq.
Gözlənilir ki, raketlərin hazırlanması planı cari ilin sonunda qəbul edilməsi nəzərdə tutulan yeni milli təhlükəsizlik strategiyasında öz əksini tapacaq. Hazırlanma işlərinə gələn il başlanacaq, istehsala 2029-cu ildə, kütləvi istehsala isə 2030-cu ildə start veriləcək.
Yaponiya Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün rekord həcmdə – 8,9 trilyon yen (55,5 milyard dollar) büdcə vəsaiti istəyir. Əlaqədar xərclər nəzərə alınmaqla, Yaponiyanın müdafiə xərclərinin böyük ehtimalla 10,6 trilyon yen (66,12 milyard dollar) həddini keçəcəyi gözlənilir.