Bakı.Trend:
Böyük Britaniyanın London və Kent arasında sərnişindaşıma həyata keçirən Southeastern dəmir yolu operatoru taxtabiti "basqını" ilə üzləşib. Maşinistlər qatarları idarə etməkdən imtina ediblər, bir neçə reys ləğv olunub.
Bu barədə “The Daily Telegraph” qəzeti yazıb.
Qəzetin məlumatına görə, Hastinqs yaxınlığındakı "West Marina" deposunun qatarlarında taxtabitilərin olması barədə ilk dəfə sentyabrın 22-də məlumat verilib. Maşinistlər iş yerlərində və şəxsi əşyalarında həşəratlar aşkar etdikdən sonra kabinəyə daxil olmaqdan imtina ediblər. Maşinistlərdən biri bütün bədənini örtəcək xüsusi qoruyucu kostyum istəyib, lakin belə bir kostyumun olmadığı məlum olub. Nəticədə iki reys ləğv edilib.
Qəzetin yazdığına görə, qatarların birində həşəratların aşkar edilməsinə baxmayaraq, sərnişin daşınmasını davam etdirdiyi üçün “taxtabiti ekspresi” ləqəbi verilib. Buna səbəb dispetçerlərin problemdən xəbərsiz olması və taxtabitilərin olduğu qatarı xəttə buraxması olub. Bununla belə, qəzet qeyd edib ki, taxtabitilər sərnişinlərin olduğu bölmələrdə aşkar edilməyib.
Depoda zərərvericilərə qarşı mübarizə üzrə mütəxəssislər çalışır. Lakin qəzetin məlumatına görə, taxtabitilərin məhv edilməsi bahalı və uzunmüddətli prosesdir.