Bakı.Trend:
Müdafiə sənayesi kritik informasiya infrastrukturu, ölkənin təhlükəsizlik ekosistemi ilə birlikdə ən önəmli sahələrdən biridir və biz bilirik ki, artıq müdafiə sənayesi sadəcə fiziki avadanlıqlardan ibarət deyil.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda keçirilən sektorial görüşdə çıxışı zamanı deyib.
O qeyd edib ki, təchizat zənciri ilə bağlı məsələlər əvvəllər diqqətdən kənarda qalsa da, hazırda kibertəhlükəsizliyə fərdi şirkət çərçivəsində deyil, bütöv bir ekosistem kimi baxılması zərurəti yaranıb.
“Təchizatçılardan olan asılılıqların idarə edilməsi kibertəhdidlərin dəf olunmasında həlledici rol oynayır.
Heç bir müasir texnoloji sistem və ya innovativ həll insan resursları və effektiv proseslər olmadan tam nəticə verə bilməz. Bu səbəbdən kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi ilə yanaşı, peşəkar kadrların hazırlanması və idarəetmə proseslərinin düzgün qurulması da diqqət mərkəzində saxlanılır”,- deyə o bildirib.
Öz çıxışı zamanı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti idarə rəisi Nadir Novruzov bildirib ki, müasir dövrdə müharibələr artıq ənənəvi formada deyil, hibrid formada həyata keçirilir.
“Hər hansısa bir sahədə olan əməliyyatlarla paralel eyni zamanda kiberhücumlar da həyata keçirilir. Bu istiqamətdə də daim mübarizə aparılmalıdır.
Bilirsiniz, Azərbaycanda hal-hazırda sülh dövrüdür, hər hansı bir hərbi əməliyyat yoxdur. Amma kiberməkanda hücumlar hələ də davam edir və biz gündəlik olaraq hücumları dəf edirik. Xüsusən də hərbi dövrdə, məsələn, 44 günlük müharibə ərəfəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 30-dan çox kiberhücumun qeydə alınmışdı və bunların qarşısı alınıb”,- deyə o bildirib.