Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır.
Bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı vurğulayıb: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da lazım deyil”.
Qeyd edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.
Qurultaya YAP-ın rayon və şəhər təşkilatları tərəfindən 960 nümayəndə seçilib.
VIII Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Həmin konfranslarda ümumilikdə 16 239 nəfər iştirak edib.
Hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib, əldə olunan nəticələr müzakirə edilib.