Bakı.Trend:
"EDGE Group" şirkəti Azərbaycanı müdafiə sahəsində regional əməkdaşlıq mərkəzi üçün potensial məkan kimi nəzərdən keçirir.
Bu barədə "EDGE Group"un beynəlxalq biznes üzrə baş vitse-prezidenti Maylz Çambers sentyabrın 30-da Bakıda keçirilən ADEX sərgisi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Qeyd edək ki, EDGE şirkətinin baş qərargahı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşir. Qrup altı əsas klasterə daxil olan 35-dən çox şirkəti birləşdirir: platformalar və sistemlər, raketlər və silahlar, kosmik və kibertexnologiyalar, EDGE kommersiya həlləri, texnologiyalar və sənayeləşmə, həmçinin daxili təhlükəsizlik.
EDGE konkret müştəri ehtiyaclarına uyğun həllər hazırlamaq üçün elmi-tədqiqat və təcrübə-konstruktor işlərini, qabaqcıl texnologiyaları, rəqəmsal transformasiyanı və kommersiya bazarının innovasiyalarını hərbi imkanlarla birləşdirir.
"ADEX sərgisində olmaq və "EDGE Group"u təmsil etmək mənim üçün böyük şərəfdir. Biz ADEX sərgisində ikinci dəfə iştirak edirik və düşünürəm ki, bu, təkcə Azərbaycan bazarında deyil, həm də regionun bir çox ölkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğumuzu açıq şəkildə göstərir. Sərgi EDGE-in yüksək dəqiqlikli sursatlar, radioelektron mübarizə vasitələri, dolaşan sursatlar və pilotsuz uçuş aparatları, eləcə də EDGE portfelindəki digər həllər daxil olmaqla, geniş imkanlarını nümayiş etdirmək üçün əla fürsət yaradır", - deyə Çambers bildirib.
O qeyd edib ki, şirkət Azərbaycanda Müdafiə Nazirliyi, eləcə də Müdafiə Sənayesi Nazirliyi ilə birgə bir sıra proqramlar həyata keçirir.
"Biz bu proqramların inkişaf edəcəyini və yeni əməkdaşlıq istiqamətlərinə yol açacağını gözləyirik. İki il əvvəl imzalanmış niyyət məktubunun müddəalarının həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə edirik və gələcəkdə yeni proqramlarla bağlı açıqlamaların olacağını gözləyirik", - deyə o bildirib.
Çambersin sözlərinə görə, Azərbaycanın müdafiə sənayesi əhəmiyyətli dərəcədə inkişaf edib ki, bu da təkcə daxili bazar üçün deyil, həm də region üçün imkanlar yaradır.
"Biz burada, Azərbaycanda yerli sənayenin əhəmiyyətli inkişafını görürük. Düşünürəm ki, bu, təkcə daxili bazar üçün deyil, əlbəttə ki, regional səviyyədə də mühüm rol oynamağa başlayır. Azərbaycanda çox güclü sənaye bazası mövcuddur və EDGE ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq vasitəsilə təkcə daxili bazara xidmət göstərməklə kifayətlənməyib, həm də EDGE-in mövcud bazarlarının bir çoxunu dəstəkləmək və region ölkələrinin ehtiyaclarını qarşılamaq üçün hansı imkanlara malik olduğumuzu araşdırmaq istərdik", - deyə o əlavə edib.
Dünyadakı vəziyyətdən danışan "EDGE Group"un baş vitse-prezidenti pilotsuz uçuş aparatları ilə mübarizə vasitələrinə artan tələbatı, həmçinin "Shadow 25" və "Shadow 50" kimi platformalardan istifadə etməklə uzaq məsafələrə zərbələr endirmək imkanlarına marağın artdığını qeyd edib.
"Biz bu cür imkanlara tələbatın artdığını müşahidə edirik. Bu tələbat həm BƏƏ-dəki daxili bazarlarımızda, həm də bir çox beynəlxalq müştərilər tərəfindən artır. Bir çox müştəridə oxşar ehtiyacları görürük və bu, həm burada, Azərbaycanda, həm də regionda əməkdaşlığı inkişaf etdirməyə çalışdığımız istiqamətlərdən biridir", - deyə o yekunlaşdırıb.
Qeyd edək ki, “ADEX” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Bununla əlaqədar olaraq, məhz “ADEX 2026” sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib.
Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.
Bu il ABŞ-nin “ADEX 2026”da fəal iştirakı xüsusi diqqət çəkir. “Northrop Grumman”, “SIG SAUER”, “Lockheed Martin”, “Vantor” və “Ondas” kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunur. Almaniyadan “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyadan isə “BAE Systems” və digər şirkətlər debüt edir. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkədir.
Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan “ADEX” ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. “ADEX 2026” sərgisində 39 ölkədən 59 xarici nümayəndə heyəti iştirak edir.
“ADEX 2026”nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.
Oktyabrın 2-dək davam edəcək sərgidə Qafqaz regionunun iri hərbi-texnoloji platformalarından olan sərgidə müasir hərbi texnologiya və avadanlıqlar, eləcə də Azərbaycanın müdafiə sənayesi kompleksinin imkanları nümayiş etdirilir. Eyni tarixlərdə Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi – “Securex Caspian” da təşkil olunub.