Bakı. Trend:
27 sentyabr – Anım Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib.
Ziyarət iştirakçıları xatirə daşının önünə gül dəstələri qoyaraq, Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
"44 gün davam edən Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində mühüm və şərəfli mərhələlərdən birini təşkil edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq, xalqımızın həmrəyliyi və dövlətimizin qətiyyətli mövqeyi nəticəsində ərazi bütövlüyümüzün bərpasına aparan tarixi Zəfər əldə olunub.
Vətən müharibəsində hərbi qulluqçularımızla yanaşı, yaralanan şəxslərin həyatının xilas edilməsi, onların müalicəsi və sağlamlıqlarının bərpası istiqamətində tibb işçiləri də böyük fədakarlıq göstəriblər. Həkim və tibb personalının yüksək peşəkarlığı, insan həyatına məsuliyyətli yanaşması və çətin şəraitdə nümayiş etdirdiyi həmrəylik Azərbaycan səhiyyəsinin tarixində xüsusi yer tutur.
Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına səbir diləyirik", - deyə Səhiyyə Nazirliyinin rəsmi portalındakı paylaşımda bildirilir.











