Bakı. Trend:
27 sentyabr Azərbaycan tarixinin ən mühüm və yaddaşlarda dərin iz buraxan tarixlərindən biridir.
Bunu Trend-ə açıqlamasında Azər Qarayev deyub.
O bildirib ki, 2020-ci ilin həmin günü başlayan 44 günlük Vətən müharibəsi ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu.
“Altı il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bütün cəbhəboyu başladığı əks-hücum əməliyyatı qısa müddət ərzində böyük hərbi və siyasi hadisələrə yol açdı. Döyüş meydanında Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqla yanaşı, həmin dövrdə xalqın nümayiş etdirdiyi birlik və həmrəylik də müharibənin ən mühüm reallıqlarından biri idi.
Vətən müharibəsinin gedişində İlham Əliyevin xalqa müraciətləri xüsusi əhəmiyyət daşıdı. Ali Baş Komandan müharibənin ilk günündən etibarən cəmiyyətə mütəmadi məlumat verdi, ölkənin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. Onun çıxışları həmin dövrün ictimai-siyasi gündəmində mühüm yer tutdu və xalqın müharibənin gedişi barədə məlumatlandırılmasına xidmət etdi.”
Politoloq qeyd edub ki, 44 gün ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə qazandığı uğurlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi prosesin mühüm nəticələri kimi tarixə düşdü.
“Hər bir azad edilən yaşayış məntəqəsi, hər bir qələbə xəbəri Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı.
8 noyabr 2020-ci il isə Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan tarixə çevrildi. İlham Əliyevin Şuşanın azad edilməsi ilə bağlı xalqa verdiyi xəbər 44 günlük müharibənin ən mühüm anlarından biri oldu. Şuşanın azadlığından sonra müharibənin taleyində ciddi dönüş yarandı və 10 noyabr tarixli üçtərəfli bəyanat imzalandı.”
A.Qarayev vurğulayıb ki, bu gün 27 sentyabrı xatırlayarkən yalnız hərbi əməliyyatları və siyasi hadisələri deyil, həmin müharibənin insan talelərində yaratdığı ağrını da unutmamalıyıq. “Vətən müharibəsi minlərlə ailəyə ağır itkilər yaşatdı. Şəhidlərimizin xatirəsi, qazilərimizin keçdiyi çətin yol və müharibə iştirakçılarının göstərdiyi fədakarlıq daim ehtiramla yad edilməlidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibə dövründə dövlətin bütün imkanlarının səfərbər edilməsi, cəmiyyətin vahid məqsəd ətrafında birləşməsi və Azərbaycanın mövqeyinin həm hərbi, həm də diplomatik müstəvidə müdafiə olunması həmin dövrün əsas xüsusiyyətlərindən biri kimi yadda qaldı.”
A.Qarayev bildirib ki, bu gün həmin hadisələrdən altı il sonra əsas məsələ tariximizi unutmamaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə və müharibə iştirakçılarına diqqət və ehtiram göstərmək, gələcək nəsillərə 2020-ci ilin hadisələrini doğru şəkildə çatdırmaqdır.
“27 sentyabr həm böyük bir sınağın başlanğıcı, həm də Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Vətən uğrunda canından keçənlərin xatirəsi daim yaşayacaq.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə rəhbərlik edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun adı bu tarixin səhifələrində özünəməxsus yer tutur.”