Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən yüksək səviyyəli həftəni geniş diplomatik təmaslarla yekunlaşdırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib.
Qeyd edilib ki, səfər müddətində C.Bayramov müxtəlif ölkələrin rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirib, bir sıra müzakirələrdə iştirak edib, həmçinin Azərbaycan adından ikitərəfli sənədlərə imza atıb. Sözügedən təmaslar Azərbaycanın xarici siyasət prioritetlərinin təşviqi və mövcud tərəfdaşlıqların daha da gücləndirilməsi baxımından əhəmiyyətli olub.
Yüksək səviyyəli həftə çərçivəsində Azərbaycan nümayəndə heyətinin fəaliyyəti ölkənin çoxtərəfli əməkdaşlıq gündəliyinə fəal töhfəsini davam etdirdiyini göstərib. Keçirilən müzakirələrdə sülh və sabitliyin möhkəmləndirilməsi, regional və transregional bağlantıların inkişafı, eləcə də qarşılıqlı maraq doğuran əməkdaşlığın genişləndirilməsi əsas mövzulardan olub.
Məlumata əsasən, C.Bayramov səfər zamanı həmkarları, beynəlxalq təşkilatların rəhbərləri və müxtəlif ölkələrin digər yüksək vəzifəli şəxsləri ilə ümumilikdə 37 ikitərəfli görüş keçirib. Bu görüşlərin yekununda 17 ikitərəfli sənəd imzalanıb.
Nazir, həmçinin, 11 yüksək səviyyəli tədbirdə çıxış edib. Həmin tədbirlər arasında BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatı, G-77 və Çin formatı, Qlobal İnkişaf Təşəbbüsü (GDI), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr (LLDC) üzrə tədbirlər, İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupunun iclası, Transxəzər və TRIPP marşrutlarına dair sessiya, ABŞ Ticarət Palatasının dəyirmi masası və Ümumdünya Ticarət Təşkilatının Dünya İqtisadi Liderləri ilə naharı olub.
Vurğulanıb ki, Azərbaycan bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək sülh və sabitliyin təşviqinə, nəqliyyat və digər bağlantıların inkişafına, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə fəal töhfə vermək əzmindədir.