Bakı. Trend:
Sentyabrın 25-26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu miqyasına və iştirakçı tərkibinə görə ölkənin son illərdə keçirdiyi ən diqqətçəkən iqtisadi tədbirlərdən biri kimi yadda qaldı. Azərbaycan Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan forum iki gün ərzində yalnız investisiya imkanlarının təqdim edildiyi tədbir funksiyasını daşımadı. Bakı bu dəfə kapital sahibləri, beynəlxalq maliyyə qurumları, dövlət strukturları və biznes nümayəndələri arasında birbaşa dialoqun qurulduğu platforma kimi çıxış etdi.
Forumun əhəmiyyətini ilk növbədə iştirakçıların tərkibi müəyyənləşdirir. Dünyanın aparıcı investisiya şirkətlərinin və fondlarının rəhbərlərinin Bakıda bir araya gəlməsi təsadüfi göstərici deyil. BlackRock/GIP, Franklin Templeton, PGIM, Brookfield, KKR, Ares və Neuberger Berman kimi qlobal investisiya qurumları, Türkiyə Sərvət Fondu, Sinqapurun Temasek fondu və digər iri maliyyə strukturlarının forumda təmsil olunması Azərbaycanın investisiya gündəliyinin hansı miqyasda təqdim edildiyini göstərir. Bu qurumların idarə etdiyi aktivlərin ümumi həcminin təxminən 30 trilyon dollara çatması isə forumun sıradan biznes tədbiri olmadığını göstərən əsas göstəricilərdən biridir.
Lakin burada əsas məsələ 30 trilyon dollarlıq rəqəmin özü deyil. Əsas məqam həmin kapitalın idarəçiləri ilə Azərbaycan arasında birbaşa əlaqə imkanının yaranmasıdır. İnvestor üçün hər hansı ölkənin təqdim etdiyi iqtisadi göstəricilər qədər vacib olan digər amil konkret layihəni, onun tərəfdaşlarını və gələcək imkanlarını yerində müzakirə etməkdir. Forum bu baxımdan dövlət qurumları ilə investorlar, eləcə də müxtəlif ölkələrdən olan şirkətlər arasında birbaşa təmas üçün şərait yaratdı.
Azərbaycan öz investisiya imkanlarını təqdim etməklə kifayətlənmədi. Eyni zamanda xarici şirkətlərin bir-biri ilə görüşməsi, mümkün tərəfdaşlıqları müzakirə etməsi və konkret layihələr ətrafında danışıqlar aparması üçün ortaq məkan formalaşdırıldı. Başqa sözlə, forumun funksiyası təqdimatdan dialoqa, dialoqdan isə layihəyə keçidi sürətləndirmək idi. Müzakirə mövzularının genişliyi də bu yanaşmanı təsdiqlədi. Azərbaycanın investisiya potensialı artıq yalnız enerji sektoru ilə izah olunmur.
Orta Dəhliz, logistika, rəqəmsal iqtisadiyyat, süni intellekt, sənaye, yaşıl enerji, aqrobiznes, kapital bazarları, əczaçılıq, su təsərrüfatı və digər istiqamətlər forumun gündəliyində yer aldı. Bu dəyişiklik təsadüfi deyil. Qlobal investisiya mühitində kapitalın yeni sahələrə yönəlməsi ölkələr qarşısında yalnız maliyyə vəsaiti cəlb etmək deyil, iqtisadiyyatın müxtəlif istiqamətlərində rəqabətqabiliyyətli layihələr formalaşdırmaq vəzifəsi qoyur. Azərbaycanın coğrafi mövqeyi uzun müddətdir tranzit üstünlük kimi təqdim edilir. Lakin yeni yanaşma bu üstünlüyü yalnız yükdaşımalarla məhdudlaşdırmır. Nəqliyyat bağlantısının inkişafı yeni istehsal sahələrinin, logistika mərkəzlərinin, xidmətlərin və regional ticarət əlaqələrinin formalaşması üçün əlavə imkan yaradır. Forumda ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı, TRIPP layihəsi, Orta Dəhlizin inkişafı və region ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsinin müzakirəsi də bu daha geniş iqtisadi yanaşmanın tərkib hissəsi idi.
Eyni məntiq rəqəmsal iqtisadiyyat və süni intellekt üzrə müzakirələrdə də özünü göstərdi. Dünyada investisiya qərarları getdikcə texnologiya, məhsuldarlıq və innovasiya imkanları ilə daha sıx əlaqələnir. Bu səbəbdən Azərbaycanın investisiya gündəliyinə süni intellektin, rəqəmsal infrastrukturun və yeni texnologiyaların daxil edilməsi yalnız yeni sektorların axtarışı deyil, mövcud iqtisadi sahələrin də yenilənməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də bu məqam xüsusi xətt kimi ortaya çıxır. Azərbaycanın investisiyaya yanaşması yalnız ölkəyə maliyyə resurslarının gətirilməsi üzərində qurulmur. Texnologiya, bilik, təcrübə, innovasiya və yeni bazarlara çıxış imkanları yaradan tərəfdaşlıqların cəlb edilməsi də əsas məqsədlər sırasında göstərilir. Bu yanaşma investisiyanın iqtisadiyyata təsirini yalnız qoyulan vəsaitin həcmi ilə deyil, onun yaratdığı əlavə imkanlarla qiymətləndirməyə əsas verir.
Tədbirin praktiki tərəfi isə imzalanan sənədlərdə daha aydın göründü. İki gün ərzində keçirilən görüşlər yalnız fikir mübadiləsi ilə yekunlaşmadı. Azərbaycan qurumları ilə xarici şirkətlər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sənədləri imzalandı. Sentyabrın 26-da keçirilən sənədlərin mübadiləsi mərasimi bu prosesin nəticələrini daha aydın göstərdi. Enerji sektorundan Ələt Azad İqtisadi Zonasına, investisiya əməkdaşlığından yeni istehsal layihələrinə qədər müxtəlif istiqamətlərdə razılaşmalar təqdim edildi. SOCAR, TotalEnergies və XRG arasında Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi ilə bağlı yekun investisiya qərarı, SOCAR ilə Comstock Resources arasında strateji tərəfdaşlıq, SOCAR ilə Apollo arasında investisiya əməkdaşlığı və SOCAR ilə Eni arasında Kot-d’İvuarın Baleine yatağı üzrə sənədlər bu nəticələrin ayrı-ayrı nümunələridir.
Ümumilikdə, forum çərçivəsində 23 sənəd əsasında ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulur. Daha əhəmiyyətlisi isə bu layihələrin yalnız bir sahədə cəmlənməməsidir. Enerji və bərpa olunan enerji ilə yanaşı, süni intellekt, rəqəmsal iqtisadiyyat, sənaye, tikinti, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatının da investisiya portfelində yer alması iqtisadiyyatın şaxələndirilməsi baxımından diqqət çəkir. Bu rəqəm Bakı Enerji Həftəsi çərçivəsində elan olunan layihələrlə birlikdə daha geniş mənzərə yaradır. Beləliklə, il ərzində müxtəlif beynəlxalq platformalarda aparılan investisiya danışıqları ayrı-ayrı tədbirlərin nəticəsi olmaqdan çıxaraq daha böyük əməkdaşlıq xəttinin hissəsinə çevrilir. Bu isə Azərbaycanın investisiya siyasətində enerji sektorundan kənar istiqamətlərin çəkisinin artırılması cəhdini də göstərir.
Böyük investorların Bakıya gəlməsi özü-özlüyündə iqtisadi nəticə deyil. Əsas nəticə onların burada hansı layihələri gördüyü, hansı tərəfdaşlarla görüşdüyü və bu təmasların hansı konkret razılaşmalara çevrildiyidir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu məhz bu baxımdan əhəmiyyətlidir. Çünki tədbir bir tərəfdən Azərbaycanın investisiya potensialını qlobal kapitala təqdim etdi, digər tərəfdən isə həmin kapitalın sahibləri ilə yerli biznes və dövlət qurumları arasında birbaşa əlaqələr üçün şərait yaratdı.
Bu mənada Bakı iki gün ərzində yalnız forumun keçirildiyi şəhər deyil, müxtəlif iqtisadi maraqların bir araya gəldiyi görüş məkanı rolunu oynadı. Dünyanın müxtəlif ölkələrindən gələn investorlar, şirkətlər və maliyyə qurumları eyni platformada həm Azərbaycanın imkanlarını qiymətləndirdi, həm də öz aralarında yeni əməkdaşlıq imkanlarını müzakirə etdi.