Bakı. Trend:
SOCAR İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq.
SOCAR-dan verilən məlumata görə, bu, şirkətlə İtaliya Futbol Federasiyası arasında imzalanan Strateji Əməkdaşlığa dair Müqavilədə öz əksini tapıb.
İmzalanma sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub.
Sənədə əsasən, SOCAR 1 yanvar 2027-ci il tarixindən 31 dekabr 2030-cu il tarixinədək dörd il müddətinə İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq. Tərəfdaşlığın 2032-ci ilədək əlavə iki il uzadılması imkanı da nəzərdə tutulur.
Qeyd olunub ki, bu tərəfdaşlıq SOCAR-ın İtaliyada uzunmüddətli fəaliyyətə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, şirkətin ənənələri, eləcə də nailiyyətləri ilə bütün dünyada tanınan İtaliya futbolunun gələcək inkişafına töhfə vermək niyyətini nümayiş etdirir.





