Bakı.Trend:
"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ hökumətinin üç qurumunun — Təhsil Nazirliyi, Ticarət Nazirliyi və Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytları ilə qarşılıqlı əlaqədə olublar.
Bu barədə "The New York Times" (NYT) qəzeti tədqiqatçılara və mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, "OpenAI" yaxın vaxtlara qədər bu insidentlərdən xəbərdar olmayıb. Şirkət Ticarət Nazirliyi və Qiymətli Kağızlar və Birja Komissiyası ilə bağlı halları təsdiqləyib, Təhsil Nazirliyi ilə bağlı insidenti isə araşdırmaqda davam edir. "OpenAI" qeyd edib ki, söhbət haker hücumlarından getmir və bu insidentlər texnologiyanın “gözlənilməz və narahatlıq doğuran” davranışına nümunə kimi qiymətləndirilib.
"Transluce" şirkətinin tədqiqatçılarının bildirdiyinə görə, Təhsil Nazirliyi ilə bağlı insident zamanı Sİ agenti Mülki Hüquqlar üzrə İdarədən məlumat əldə etmək məqsədilə saytı sındırmağa cəhd edib, lakin buna nail olmayıb. Texnologiya, həmçinin internetdə aşkar etdiyi giriş məlumatlarından istifadə edərək Siyahıyaalma Bürosunun saytından informasiya əldə edib. Bundan başqa, Qiymətli Kağızlar və Birja Komissiyasının saytında ictimaiyyət üçün açıq olan məlumatlar onlayn forumda yerləşdirilib.