Bakı. Trend:
“Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) xaricdə, o cümlədən Londonda fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparır.
Bunu “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri Tahir Abdolbari oğlu Gözəl Trend-ə açıqlamasında deyib.
O bildirib ki, hazırda əsas diqqət bank sektorundan daha çox “Azərsun Holdinq”in inkişaf istiqamətlərinə yönəlib.
“ASB Bank üçün uzunmüddətli hədəfim korporativ bankçılığı genişləndirmək, yeni korporativ müştəriləri cəlb etmək və bankın xarici ölkələrdə şöbələrini açmaqdır. Hazırda, məsələn, Londonda bununla bağlı danışıqlar gedir. Lakin bu, mənim üçün bu gün təcili məsələ deyil”, - deyə T.Gözəl bildirib.
Onun sözlərinə görə, “Azərsun Holdinq” ölkəyə daha çox töhfə vermək və yeni investisiyalar həyata keçirmək imkanlarını da araşdırır.
“Kağız sənayesinə, xüsusilə təkrar emal olunan kağız istehsalına yeni investisiya etmək istəyirik. Hazırda bununla bağlı görüşlər aparılır. Karton və qablaşdırma istehsalı ölkə üçün çox mühümdür”, - deyə o qeyd edib.
T.Gözəl bildirib ki, şirkət mövcud zavodlarından birinin istehsal gücünü iki dəfə artırmağı planlaşdırır.
“İkinci zavodumuzu iki dəfə böyütmək istəyirik. Çünki bu, ixrac potensialı yaradır və artıq ixrac yönümlü işləmək istəyirik”, - deyə o əlavə edib.
“Azərsun Holdinq”in gələcəkdə texnologiya və süni intellekt sahəsinə investisiya imkanlarını da nəzərdən keçirdiyini bildirən T.Gözəl bu istiqamətdə data mərkəzlərinin yaradılması imkanlarının araşdırıldığını deyib.
"Azərsun" süni intellekt sahəsinə daxil ola bilərmi, süni intellekt infrastrukturu, data mərkəzlərinin tikintisi ilə bağlı imkanlar varmı? Məhz bunun üçün bu toplantıda iştirak edirəm ki, yeni əlaqələr yaradaq və bunu necə həyata keçirə biləcəyimizi müzakirə edək. Ölkəmizin intellektual səviyyəsini yüksəltmək lazımdır”, - deyə o bildirib.
T.Gözəl qeyd edib ki, “Azərsun”un inkişaf mərhələsində əsas diqqət əvvəlcə qida sənayesinə yönəldilib, lakin hazırda şirkət texnologiya sahəsinə keçidi də qarşıya məqsəd qoyub.
“Biz fəaliyyətə qida sektorundan başladıq ki, zavodlar, böyük zavodlar tikək və güclənək. Artıq qidadan çıxıb texnologiyaya getmək istəyirik. Hədəfimiz də budur və bu istiqamətdə irəliləyirik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunur.